image-qanunla-reklam
image-69b277d6caf8969b277d6caf8a177330376669b277d6caf8769b277d6caf88

Qlobal Bakı Forumu – Dialoq və əməkdaşlığın yeni mərhələsi

image-lady-day-az

Qlobal Bakı Forumu – Dialoq və əməkdaşlığın yeni mərhələsi

 

Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişən və mürəkkəbləşən bir mərhələdən keçir. Qlobal güclər arasında rəqabətin artması, regional münaqişələrin davam etməsi və iqtisadi qeyri-sabitlik beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsir göstərir. Belə bir mürəkkəb geosiyasi mühitdə dövlətlər arasında dialoq və əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Bu baxımdan Bakıda keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasi gündəliyin vacib müzakirə meydanlarından biri kimi çıxış edir.

Artıq on üçüncü dəfə keçirilən bu forum dünyanın müxtəlif ölkələrindən olan siyasi liderləri, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirir. Bu platformada səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər qlobal problemlərin həlli istiqamətində mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərir ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur və bu mərhələdə əməkdaşlıq və qarşılıqlı anlaşma həlledici rol oynayır.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu müasir dövrün əsas çağırışlarını əks etdirir. Çünki son illərdə beynəlxalq münasibətlərdə fikir ayrılıqları və siyasi qarşıdurmaların artması qlobal sabitliyə ciddi təsir göstərir. Bu vəziyyətdə müxtəlif dövlətlərin eyni platformada fikir mübadiləsi aparması və ortaq həll yolları axtarması mühüm əhəmiyyət kəsb edir.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə diqqət çəkərək qlobal təhlükəsizlik, enerji sabitliyi və regional əməkdaşlıq məsələlərinə toxundu. Dövlət başçısı qeyd etdi ki, hazırkı dövrdə beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindən keçir və bu proses dövlətlər arasında yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir.

Prezident çıxışında qlobal təhlükəsizliyin təmin edilməsinin bütün dövlətlər üçün prioritet məsələ olduğunu da vurğuladı. Çünki təhlükəsizlik mühitində balansın pozulması regionlarda yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Bu səbəbdən dövlətlər qarşıdurmadan daha çox əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürütməlidirlər. Azərbaycan bu istiqamətdə fəal mövqe tutaraq həm regional, həm də qlobal səviyyədə dialoqun təşviqinə töhfə verir. Qlobal Bakı Forumu da məhz bu siyasətin mühüm tərkib hissəsidir. Forum Azərbaycanın beynəlxalq diplomatiyada rolunun gücləndiyini və ölkəmizin qlobal problemlərin müzakirəsində mühüm platformaya çevrildiyini bir daha nümayiş etdirir. XIII Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən və qlobal çağırışların müzakirə olunduğu mühüm siyasi platforma kimi böyük əhəmiyyət daşıyır. Bakıdan verilən mesajlar isə göstərir ki, sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq müasir dünyanın əsas inkişaf istiqamətlərindən biridir.

 

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki