image-qanunla-reklam
image-347590501_834546548025125_8121243570110837648_n

Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir

image-lady-day-az

Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi ilə bağlı məsələlərə xüsusi yer ayrıldı. Altı ayda qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artması müsbət haldır və bu, digər sektorların artıq iqtisadi artımda drayverə çevriliməsindən xəbər verir. Bu, həmçinin ÜDM-in strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir.

Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu, büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə vəsaitlərin artırılmasına gətirib çıxardı. İşğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 2023-cü ilin sonunadək 12 milyard manata çatacaq. Onun 5,5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlətimizin başçısının artıq 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq.

Bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Dövlət büdcəsi rekord həddə yüksəlib

Çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib.

Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirilmiş rəqəmləri şərh edən Günay Quliyeva bildirib ki, bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəmizi rekord həddə çatdırıb. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 2023-cü il iyunun 16-da “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

2023-cü ilin ilk yarısında ölkənin strateji valyuta ehtiyatları da artıb

 Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olması olduğunu göstərir.

2023-cü ilin ilk yarısında ölkənin strateji valyuta ehtiyatları da artıb. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları iyun ayına 9,1 milyard ABŞ dollarına bərabər olub. Tədiyyə balansının cari əməliyyat üzrə profisiti 10 milyard dollara yaxın olub. Strateji valyuta ehtiyatlarının artımı, tədiyyə balansının cari əməliyyatlar balansının profisiti cari ildə makroiqtisadi sabitliyi təmin edib və manatın məzənnəsinin sabitliyini dəstəkləyib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan xarici dövlət borcu ilə bağlı hədəf göstəricisinə bu il nail olunub. Belə ki, 6,7 milyard ABŞ dolları olan xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

 Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın tranzit ölkə kimi nüfuzu daha da artırıb

Post-pandemiya dövründə həyata keçirilən bir sıra layihələr nəticəsində 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi 6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb. Bu artım həm də son dövrdə Azərbaycanın beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır. Dünyada baş verən bir sıra hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin Orta dəhlizə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TITR) yönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artırıb. Yeni nəqliyyat marşrutlarının açılması ölkəmiz üçün də yeni imkanlar açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərində ölkəmizin əsas tərəfdaşa çevrilməsinə imkan verir. Təbii ki, bu da orta və uzunmüddətli dövrdə ölkənin təkcə tranzit ölkə deyil, həm də əsas istehsalçı və ixracatçıya çevrilməsinə imkan yaradır. Nəqliyyat marşrutları üzərində olan regionlarımızda yeni biznes imkanları açılır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ilə dəniz nəqliyyatı sahələri və xüsusən gəmiqayırma sənayesi hökumətin əsas diqqət mərkəzində olan sahələrdəndir. Bu sahədə aparılan islahatlar və qoyulan sərmayələr yaxın dövrdə dəniz yolu ilə yüklərin daşınmasını əhəmiyyətli dərəcədə artıra bilər.

Aparıcı enerji istehsalçısı olmasına baxmayaraq, Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan mənbələrə əhəmiyyətli sərmayələr yatırmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarını “yaşıl enerji” zonalarına çevirməkdə maraqlıdır. Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramında bu, xüsusilə vurğulanıb. Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının böyük qaz ehtiyatları artıq təsdiqlənib. Bu ay ilkin qaz hasilatına başlanılan həmin yataq və “Şahdəniz” qaz-kondensat yatağı qaz ixracımızın əsas ehtiyat mənbəyinə çevrilir. Bu isə ixraca gedən qazın həcmini ildən-ilə artırmağa imkan verir. Hər iki qaz yatağı enerji təhlükəsizliyimizi təmin etməkdə mühüm rol oynayır.

 Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ölkəmizin iqtisadi inkişafı durmadan artır

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışib.

Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müstəqil xarici siyasət yürüdən,  tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən,  dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında   bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə,  irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan  dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur.

Müşavirədə 6 ay ərzində əldə edilən  uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Ölkənin builki dövlət büdcəsi rekord həddə – 33 milyard manatdan çox səviyyəyə qalxıb.  Bu da öz növbəsində  həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.

Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.

Prezident İlham Əliyev bildirib ki, “Azərbaycanın xarici ticarət balansı müsbət səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.

Ölkə başçısı inflyasiyanın ikirəqəmli olması ilə bağlı narahatçılığını bildirib. Qeyd edib ki, “burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir”.

Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Vurğulanıb ki, ölkə başçısı şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır.

Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki