Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kosalar tam orta məktəbində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
“Qanunla.az” xəbər verir ki, tədbirdə çıxış edən Qazax RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov bildirib ki, narkomaniya təkcə bir fərdin deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhlükə altına alan ciddi problemdir. O vurğulayıb ki, gənclərin bu zərərli vərdişdən uzaq tutulması üçün erkən yaşlardan maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Çıxış zamanı məktəblilərə narkotik vasitələrin fəsadları, onların istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət, eləcə də sağlam həyat tərzinin üstünlükləri barədə ətraflı məlumat verilib. Şagirdlər diqqətli olmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırılıblar.
Orxan Rasifoğlu



























