Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Salahlı kənd orta məktəbində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.
“Qanunla.az” xəbər verir ki, tədbirdə çıxış edən Qazax RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov qeyd edib ki, narkomaniya yalnız fərdi deyil, bütövlükdə cəmiyyətin inkişafına ciddi təhlükə yaradan qlobal problemdir. O bildirib ki, gənc nəslin bu zərərli vərdişdən qorunması məqsədilə erkən yaşlardan aparılan maarifləndirmə işi xüsusi əhəmiyyət kəsb edir.
Çıxış zamanı məktəblilərə narkotik vasitələrin yaratdığı ağır fəsadlar, onların istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulan hüquqi məsuliyyət, həmçinin sağlam həyat tərzinin insan üçün yaratdığı üstünlüklər barədə ətraflı məlumat verilib. Şagirdlər diqqətli davranmağa və zərərli vərdişlərdən uzaq durmağa çağırılıblar.
Orxan Rasifoğlu




















