Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi.
Füzuli azad olunduqdan dərhal sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin və rayonun bərpası istiqamətində genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. “Böyük Qayıdış Proqramı” çərçivəsində Füzuli şəhəri müasir urbanist konsepsiya əsasında yenidən qurulur. Artıq Füzuli Beynəlxalq Hava Limanı, Füzuli-Şuşa avtomobil yolu, Zəfər yolu, Füzuli elektrik yarımstansiyası, su, qaz və enerji infrastrukturu, yaşayış məhəllələri, məktəblər və sosial obyektlər qısa zamanda istifadəyə verilib. Azərbaycanın azad olunmuş ərazilərinin bərpası işində qardaş ölkələrin dəstəyi xüsusi qeyd olunmalıdır. Özbəkistan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilən “Şərq üslubunda Uşaq Bağçası” və digər sosial layihələr xalqlarımız arasındakı qardaşlıq bağlarının təzahürüdür. Xüsusi qeyd edək ki, Qardaş Türkiyə Respublikası azad edilmiş ərazilərin bərpası prosesində mühüm rol oynayır. Türkiyənin dövlət qurumları və şirkətləri tərəfindən Füzuli və digər bölgələrdə həyata keçirilən infrastruktur layihələri, humanitar və texniki dəstək proqramları iki ölkə arasında qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Türkiyənin mənəvi dəstəyi və siyasi həmrəyliyi azad Qarabağın inkişaf yolunda xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Qazaxıstan Respublikası da Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” layihəsini həyata keçirərək həm maddi, həm də mənəvi dəstəyini nümayiş etdirdi. Vurğulayaq ki, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfəri zamanı Füzuli şəhərində Türkmənistan tərəfindən məscid tikintisini təklif etdi. Bu təşəbbüs Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir. Türkmənistanın bu nəcib təşəbbüsünün davamı olaraq, 2025-ci il 7 oktyabr tarixində Qəbələdə təşkil edilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Füzuli şəhərində inşa ediləcək məscidin onlayn təməlqoyma mərasimi keçirildi. Bu mərasim Türk dünyasının birliyini, dostluq və mənəvi həmrəyliyini daha da gücləndirən tarixi hadisə kimi dəyərləndirilir. Ümumiyyətlə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli şəhərinə bir neçə dəfə etdiyi səfərlər bu torpaqlara dövlət səviyyəsində verilən diqqətin bariz göstəricisidir. Dövlət başçısının iştirakı ilə müxtəlif obyektlərin açılışları, yeni layihələrin təməlqoyma mərasimləri Füzulinin sürətli dirçəlişinin rəmzinə çevrilib. Nəticə etibarı ilə bu gün Füzuli şəhəri dağıntılardan doğan həyatın, yenidən qurulan torpağın və xalqın sarsılmaz iradəsinin simvoludur. Füzuli şəhəri günü təkcə bir rayonun azadlığını deyil, Azərbaycanın ərazi bütövlüyünün, ədalətin və milli birliyin təntənəsini ifadə edir.
Zərdab Rayon ağsaqqalı-Babək Əliyev.