Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik.
Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilib. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidov ilə, ondan sonra – 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür. Xatırlatmaq yerinə düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Xüsusilə 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova