image-qanunla-reklam
image-media-d55329e2-bec9-47b5-a7fc-5c1b32a4593d_qarabag726820655_251ce61985af6faceb967ec87bde0404-45bg2walznj0rvxyp36c

Qarabağ Universitetinin yaradılması

image-lady-day-az

Qarabağ Universitetinin yaradılması

Ölkəmizin elm və ali təhsil siyasəti, dövlətin strateji inkişaf prioritetlərinə uyğun olaraq, ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqatların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan kompleks və sistemli addımlarla xarakterizə olunub.

Prezident cənab İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması hadisəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi qələbələrin təntənəsi olmaqla, bütövlükdə Azərbaycanın təhsil sahəsindəki mühüm nailiyyəti hesab edilir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə həmin ali təhsil müəssisəsinin qurulması bölgənin bərpa və inkişafına töhfə vermək üçün təhsilin gücündən istifadəyə əsaslanan önəmli institusional addımlardan biri olaraq dəyərləndirilir.

2024-cü il 20 sentyabr tarixdə – dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra Prezident cənab İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, “Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu”.

Qarabağ Universitetində tətbiq olunan yeni məzmunlu tədris proqramları tələbələrin ixtisasları üzrə əmək bazarının müasir tələblərinə uyğun zəruri kompetensiyalara yiyələnməsinə, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarının da gücləndirilməsinə hədəflənib. Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 laboratoriyada tədris prosesi təşkil olunub: fizika, kimya, mexatronika, robototexnika, Kompüter və qrafiki dizayn, kompüter və proqramlaşdırma laboratoriyaları.  Ötən dövr ərzində Qarabağ Universitetində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Gənclər və İdman Nazirliyi, Hesablama Palatası və digər dövlət və özəl qurumlarla keçirilən ortaq layihələrdən tələbələr faydalanıblar.

2024-cü ilin noyabr ayında Qarabağ Universitetində Tələbə Gənclər Təşkilatı (TGT) yaradılıb. TGT-nin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Həmçinin  bu il yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin

 müəllimi Arzu Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki