Naxçıvanda işlədiyi mağazada komputerləri dəyərindən ucuz qiymətə satıb mənimsəməkdə təqsirləndirilən Röyal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qanunla.az”ın əldə etdiyi məlumata görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hakimi Arzuyar Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim proses iştirakçılarına hüquq və vəzifələrini izah edib. Daha sonra dövlət ittihamçısı Emin Zeynalov ittiham aktını elan edib.
İttihama münasibət bildirən Röyal Abdullayev özünü qismən təqsirli hesab edib (red-gələn sayımızda ittiham aktının detallarını yazacayıq).
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, ittiham aktında 49 komputerin oğurladığı yazılsa da Lakin bu rəqəm 18 olub:
“Naxçıvanda Soliton MMC-də satıcı işləmişəm. 2014-cü ildə qohumum Musa Orucov vasitəsilə işə düzəldim. İlk vaxtlar maaşım 345 manat idi, 2016-cı ildə 370 manata qaldırıldı. 2019-cu ildə maaş az olduğu üçün işdən ayrılmalı oldum. Daha sonra Bakıda hava limanında işləməli oldum. Bir neçə aydan sonra Naxçıvana qayıtmalı oldum və müxtəlif işlərdə çalışdım. Maliyyə sıxıntılılarım çox idi. Yenidən Solitonda 370 manata anbardar vəzifəsində çalışdım. Anbarda 11 yararsız komputer var idi. Sonra o komputerləri Bakıya servisə yolladım. Ordan da etirazla qarşılandı ki, bu komputerlərdə çatışmayan hissələr çox idi. 2023-cü ilin aprelindən artıq komputerləri satmağa başladım. Bu əməlimi 5 ay davam etdirdim. Səbəb isə maddi sıxıntılarımın olması idi. Təxminən 7 min 600 manat borcum var idi. Komputerin birini 500 – 700 manat aralığında satırdım. Satdığım komputerlərin qutularını anbarda saxlayırdım ki, müdriyyət şübhələnməsin. İttiham aktında göstərilib ki, 49 komputer satmışam. Amma bununla qəti razı deyiləm. Anbarda bütün komputerləri satmaq niyyətim yox idi. Mənimsəmə olduqdan sonra akt tərtib olundu ki və könüllü şəkildə 49 komputerə qol çəkdim. Tutduğum əməldən çox peşmanam”.
Zərərçəkmiş Elnur Orucov isə təqsirləndirilən şəxsin yalan ifadə verdiyini və onun sözlərinə inanmadığını bildirdi.
Hakim Hüseyn Məmmədov isə təqsirləndirilən şəxsə borcunun az olduğu halda nə üçün daha çox komputer satdığını soruşdu. Təqsirləndirilən şəxs isə cavabında bildirdi ki, həmin pulları həm borcunun ödənilməsinə, həm də ailəsinin saxlanılmasına sərf edirdi.
Məhkəmənin növbəti iclası dekabrın 10-na təyin olunub.
Qeyd edək ki, Röyal Abdullayevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun Naxçıvanda işlədiyi Soliton mağazasından 90 min manat məbləğində mənimsədiyi bildirilir.
Orxan Rasifoğlu

























