Qadın haqlarının hüquqi əsasları
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiqli mövqeyi firavanlığın təminatlarından biridir. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Əbəs yerə Ümummilli lider Heydər Əliyev qadın siyasətinə dövlətin mühüm və prioritet vəzifəsi kimi baxmırdı. Ulu Öndər bütün fəaliyyəti dövründə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır, onlara sonsuz diqqət və qayğı göstərirdi. Böyük liderin 1995-ci ildə imzalanmış son dərəcə mütərəqqi olan fərmanına uyğun olaraq Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu. Məlumat üçün qeyd etmək yerinə düşər ki, dünyada inkişaf etmiş elə ölkələr var ki, bu konvensiyaya qoşulmayıblar. Bununla yanaşı Ulu öndər tərəfindən ölkəmizdə qadınların mövcud problemlərinin dövlət səviyyəsində həlli məqsədilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsi alqışla qarşılandı. Ümummilli lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların fəaliyyətinə geniş meydan verirdi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib. Fərmanda xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru




















