Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir.
Füzulinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı. 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Bu mənada Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz əməliyyatından başlamış olduğu tarixi missiyasının davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı bir tarix hesab edilir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəflə və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib kimi inkişafına bir yol açmış oldu. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident cənab İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olması tarixi hadisə idi. Prezident cənab İlham Əliyevin Füzuli şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə gedir. Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulur və açılışları edilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı uğurlu fəaliyyət göstərir. Respublikanın müxtəlif ərazilərində, o cümlədən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan 824 ailə (3141 nəfər) doğma yurd yerlərinə köçürülüb. Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.
Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.