Prezident İlham Əliyevin stansiyanın adını “8 Noyabr” seçməsi stansiyanın dövlətçilik tarixində tutduğu xüsusi yeri və simvolik dəyəri bir daha önə çıxarır.
XXI əsrdə enerji təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizlik və geosiyasi balansın əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası da məhz bu çoxşaxəli və strateji yanaşma əsasında formalaşdırılıb. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası həmin strategiyanın mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyi, texnoloji dayanıqlılığı və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.
Azərbaycan regionda öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir. Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir. Stansiyanın təbii qaz sərfini minimuma endirən müasir texnologiyalarla təchiz olunması Azərbaycan qazının daha böyük hissəsinin ixrac üçün yönləndirilməsini təmin edir. Bu faktor öz növbəsində Avropa və region ölkələrinin enerji təchizatında ölkəmizin rolunu daha da artırır. Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır: “1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”.
“8 Noyabr” Elektrik Stansiyası yüksək generasiya gücü ilə Azərbaycan enerji şəbəkəsində çeviklik və etibarlılıq balansını təmin edir. Bu stansiyanın istismara verilməsi elektrik təchizatında qəfil dəyişikliklərə və pik tələbat dövrlərinə çevik reaksiya vermək imkanı yaradır. Beləliklə, həmin layihə yalnız enerji istehsalı ilə kifayətlənmir, həm də bütövlükdə sistemin operativ stabilliyini gücləndirir.
İkinci Qarabağ müharibəsində Mingəçevir şəhəri və enerji obyektləri birbaşa hədəf alınmışdı. Bu fakt Ermənistanın enerji infrastrukturunu hərbi hədəfə çevirmək niyyətini və bunun arxasında duran məqsədləri açıq şəkildə göstərdi. “8 Noyabr” Elektrik Stansiyasının tikilməsi və müasir təhlükəsizlik standartlarına cavab verməsi bu cür təhlükələrə cavab olaraq infrastrukturun daha da möhkəmləndirildiyini sübut edir. Enerji infrastrukturu artıq təkcə iqtisadi resurs deyil, həm də dövlət təhlükəsizliyinin dayanıqlılıq elementidir. Stansiyanın “8 Noyabr” adlandırılması Zəfər Gününü xatırlatmaqla, həm də xalqın iradəsi, milli birliyi və dövlətin gücünün təcəssümüdür. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi stansiyanın dövlətçilik tarixində tutduğu xüsusi yeri və simvolik dəyəri bir daha önə çıxarır. Bu layihə Azərbaycanda postmünaqişə dövründə quruculuq və inkişaf fəlsəfəsinin energetika sahəsində parlaq nümunəsidir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru