Prezident İlham Əliyev Ulu Öndərin arzu etdiyi, planlaşdırdığı, lakin yerinə yetirməyə imkan tapmadığı bütün tarixi missiyaları yerinə yetirdi
Bu missiyanın başında isə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanırdı. Bu tarixi və şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə ləyaqətlə yerinə yetirdi.
Ulu Öndər Heydər Əliyevin ideyaları və tövsiyələri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışları və şəxsi nümunələri ilə milli vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi 44 günlük Zəfər savaşında Vətənin azadlığı uğrunda ön cəbhəyə atıldı, şəhid oldu, qazi oldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Kəlbəcər sakinləri ilə görüşdə dövlətimizin başçısı qarşıda duran növbəti tarixi missiyanı cəmi üç kəlmə ilə çox sərrast ifadə etdi: “Bizim işimiz quruculuqdur!”
Əslində, bu missiya Zəfər savaşı bitən günün səhərindən başlayıb, durmadan, dayanmadan davam edir, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və məskunlaşma işləri günü-gündən daha böyük vüsət alır. Prezident İlham Əliyevin nəzarəti altında Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla həyata keçirilir, indiyə qədər bu məqsədlər üçün 25 milyard manat vəsait ayrılmışdır, 2026-cı ilin sonunda 140 mindən çox keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdıb məskunlaşması təmin ediləcəkdir.
Bu da simvolik və ibrətamizdir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə gəlməzdən bir gün əvvəl Gəncədə Ermənistanın raket terroru nəticəsində şəhid olmuş mülki insanların xatirəsinə ucaldılan Memorial Kompleksdə görülən işlərlə tanış olmuş, terror qurbanlarının xatirəsini yad etmişdilər. Dünyada hər kəsə məlumdur ki, Azərbaycan bölgədə sülh, əməkdaşlıq, tərəqqi tərəfdarıdır və Ermənistanla imzalanacaq sülh müqaviləsi də bizim təşəbbüsümüzlə, bizim təkliflər əsasında hazırlanmışdır. Bununla yanaşı, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
Mən Azərbaycanımızın bütün bölgələrini gəzmişəm, dünyanın 50-yə yaxın ölkəsində olmuşam, lakin Kəlbəcər qədər füsunkar ikinci bir diyar görməmişəm. Uca, şiş qayalı dağları, dərin dərələri, sıx meşələri, yaşıl ormanları, örüş yerləri, bumbuz bulaqları, gur çayları, dərman bitkiləri, müalicəvi mineral suları Kəlbəcəri daha da qiymətli və əsrarəngsiz edən təbiətin misilsiz bəxşişi, xalqımıza lütfüdür. Prezident İlham Əliyevin çox dəqiq müşahidəsidir ki, “Əgər yer üzündə cənnət varsa, bu Kəbəcər diyarıdır”.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc