“Son günlər gündəmə yeni mövzu-Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyanın guya istefaya gedəcəyi və hətta həbs ediləcəyi ilə bağlı müxtəlif şayiələr, xəbərlər dövriyyəyə buraxılır. Bütün bunlar məqsədyönlü və planlı şəkildə edilir və bundan sonra da ediləcək”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu Musavat.com-a açıqlamasında bildirib. Polkovnikin fikrincə, Arayikə heç kim heç nə etməyəcək və belə bir ciddi fikirləri də yoxdur:
“Mən hələ Rusiyanın himayəsində olmuş və olan separatçı bölgələrdə hansısa separatçı rəhbərin həbsi hadisəsini xatırlamıram. Yeganə hal Ukraynanın Donbas bölgəsində Zaxarçenko adlı bir yaramaz separatçının fiziki məhvi hadisəsidir ki, onun da dərin kökləri var. Yerdə qalan hallarda isə bir vaxtlar Rusiyanın özünün süni şəkildə yaratdığı separatçı qurumlar, onların qondarma rəhbərləri hər zaman müdafiə və mühafizə olunublar, hazırda da himayə olunurlar. İndi də Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Azadovun açıqlaması heç bir halda reallaşa bilməyəcək bir açıqlama kimi tarixdə qalacaq. Əvvəla, tutan adam səs-küysüz gedib o yaramazın qulağından tutub gətirər və deyər ki, bunu etdik. İndiki halda isə bu, lap tragikomediya oldu. Biz guya axtarışa verdiyimiz adama deyirik ki, hazırlaş, yaxın vaxtlarda bizim xüsusi xidmət orqanları gəlib səni aparacaqlar.
Vallah, belə qeyri-ciddi işlərlə məşğul olmaq olmaz. Arayik əgər həqiqətən də axtarışdadırsa, bəs necə olur ki, Rusiya kimi bir dövlət bu cinayətkarı tutub Azərbaycana təhvil vermir? Deməli, onun guya axtarışda olması haqqında deyilənlər də şəxsən məndə ciddi şübhələr yaradır. Bu, necə olur ki, Gəncənin bombalanması və dinc insanların, körpə və qıcaların amansızcasına qətlə yetirilməsinə görə axtarışda olan şəxs Moskvaya dəfələrlə rahat gedib-qayıdır? Hələ üstəlik də səfirliyimiz bəyan edir ki, o, öz şəxsi işləri ilə bağlı Moskvaya səfər edibmiş. Adama deyərlər, heç olmazsa susun, danısmayın! Arayikin yaxın zamanlarda getməsi ola bilər: əgər onun kimi Moskva üçün etibarlı bir separatçı tapılıb ortalığa çıxarılarsa… Fərz etsək ki, onu həqiqətən də aradan çıxartmaq istəyirlər, bəs Rusiya sülhməramlılarına nə ehtiyac qalacaq?”
Ü.Cəfərov hesab edir ki, Moskva Arayikin mövcudluğunun daha çox çəkməsi və daha çox suyu bulandırması üçün maksimum çalışacaq: “Mən Araikin fiziki məhvini Azərbaycan xüsusi xidmət orqanlarından və ordumuzun qeyrətli oğlanlarından xahiş edirəm. Bu, o qədər də çətin bir iş deyil. Sadəcə qərar verib, onu axıra çatdırmaq lazımdır. Bunu mütləq etmək lazımdır ki, bölgəmizdə əmin-amanlıq və sakitlik bərqərar olsun”.



















