Qanunla.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və adıkeçən Muzeyin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin və Nəfəs İB-in dəstəyi ilə gerçəkləşdirilən konfransın xüsusi önəmini vurğulayan Q.Paşayeva qardaş xalqlarımızın ortaq tarixindən, oxşar taleyindən söz açıb:
“Yüz minlərlə aydın, alim, ayrı-ayrı sahələr üzrə mütəxəssislər gedər-gəlməzə göndərilib. Azərbaycandan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və digərləri, Özbəkistandan Fitrət, Botu, Abdulla Qədiri, Usman Nasir, Şöhrət, Mirzakolon İsmaili, Said Əhməd, Şükrulla, Özbək romançılığının “atası” Aybək və yüzlərlə digər aydınımız qondarma ittihamlarla “xalq düşməni” elan edilərək qətlə yetirilib. Repressiya maşını soydaşımız, özbək ədəbiyyatının klassikinə çevrilən şair, “Manquberdi”, “Mirzə Uluğbəy” kimi dramlar, “Daşkəndnamə” kimi poema yazmış Maqsud Şeyxzadədən də yan keçməyib. Yenə, iki xalqın ortaq dəyərlərindən olan Seyid Rza repressiyaya məruz qalıb. Bir müddət Xarəzmdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminli Ürgəncdə həbs edilərək, Bakıya aparılıb, orada qondarma ittiham və istintaqla repressiyaya məruz qalıb…”
Millət vəkili çıxışının sonunda repressiya qurbanlarını bir daha dərin ehtiramla yad etdiyini bildirib.
Sonra qonaqlar və iştirakçılar muzeyə baxış keçirib.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nəfəs İB sədri Firəngiz Balakişiyeva və Azərbaycan nümayəndə heyətinə daxil olan digər şəxslər çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər və gənc nəsillərə çağırışlar səsləndiriblər



















