image-qanunla-reklam
image-gtr-300x147

Özəlləşdirmə çeki sahiblərinin NƏZƏRİNƏ: Əmlak Komitəsi xalqı aldadır? – Hüquqşünas rəyi

image-lady-day-az

Özəlləşdirmə çekləri ilə bağlı hər kəsi düşündürən məqamlar – Hüquqşünas izah edirÖtən əsrin 90-cı illərində Sovet dövründən qalan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində iştirak məqsədilə vətəndaşlara özəlləşdirmə çekləri paylandı. Vətəndaşlar bu çekləri həm alıb-sata, həm də pay sahibinə çevrilə bilərdilər. Lakin əhalinin böyük hissəsinin qiymətli kağızlar bazarı ilə bağlı maariflənmə səviyyəsinin aşağı olması, yanlış informasiyalarla bazarın yönəldilməsi, özəlləşdirilən müəssisələrin sonradan bağlanması, dağılması son nəticədə çeklərin əllərdə dəyərsiz bir kağız parçasına çevrilməsinə səbəb  oldu və 2011-ci ildən etibarən müddətini başa vurdu.Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən, 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.2011-ci ildən etibarən tədülü dayandırılsa da, əksər ekspertlər bu addımı qanunazidd hesab edir. Öz növbəsində, çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək, həm də müddətsiz şəkildə. Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, ölkəboyu müşahidə olunan kompleks islahatlar, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar da bu əminliyi artırır. Milli Məclisin deputatları, ziyalılar, iqtisadçılar, ictimai-siyasi xadimlər məsələ ilə bağlı hökumətə çağırışlar ediblər.

 

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyev AYNA-ya müsahibəsinin mövzunun ən mühüm hüquqi aspektlərini şərh edib. Beləliklə:

– Mübariz müəllim, məlum olduğu kimi, dövlət özəlləşdirmə payları və dövlət özəlləşdirmə çekləri ilə bağlı ictimaiyyətdə davam edən əsas mübahisələrdən biri də dövlət özəlləşdirmə çeklərinin tədavül müddətinin qanunvericilikdə məhdudlaşdırılması, başqa bir ifadə ilə dövriyyədən çıxarılması və ödəniş vasitəsi kimi istifadəsinin qadağan edilməsi ilə bağlıdır. Hüquq elminin tələbləri baxımından məsələyə yanaşsaq, Sizin fikrinizə görə, dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payları eyni hüquqi anlayışlardır, yoxsa fərqli hüquqi anlayışlar? Çünki bu məsələ ilə bağlı mövcud mübahisələrin həllinə bu iki anlayışa verilən hüquqi qiymət mühüm təsir göstərir.

– Bu suala cavab verə bilmək üçün dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə paylarının qanunvericilikdə necə tənzimləndiyinə və ümümiyyətlə, qiymətli kağızların dünyada qəbul edilən hüquqi anlayışına baxmaq lazıdır. Hamımıza yaxşı məlumdur ki, dövlət özəlləşdirmə payı Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-cı maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”.

Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqramı isə 29 sentyabr 1995-cil tarixində qəbul olunub. Bu proqram Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş məşhur I Dövlət Proqramıdır (bundan sonra “I Dövlət Proqramı” adlanacaq). Həmin I Dövlət Proqramının tələblərinə nəzər salsaq, görərik ki, Ulu Öndər sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşına)  əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərib. Məhz Ulu Öndərin imzasını daşıyan I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin tələblərini və onun imzasını daşıyan digər normativ hüquqi aktları birlikdə nəzərə alaraq bu fikri rahatlıqla demək olar.

Bunu da qeyd edək ki, I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsini hüquqi təhlil edərək rahatlıqla deyə bilərik ki,  dövlət özəlləşdirmə çekləri ilə dövlət özəlləşdirmə payları fərqli hüquqi anlayışlardır. Belə ki, həmin I Dövlət Proqramının 3-cü Bölməsinin 2-ci abzasında deyilir: “Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir” (2-ci abzas). Bu 2-ci abzas onu göstərir ki, Azərbaycan Respublikasının dövləti və onun dövlət başçısı – Ulu Öndər bu normativ hüquqi aktı və ona əsaslanan dövlət özəlləşdirmə payı vasitəsi ilə  özəlləşdirilən dövlət mülkiyyətinin (əmlakının) bir hissəsini Azərbaycan Respublikasının vətəndaşının mülkiyyətinə əvəzsiz qaydada verib.

Hüququn bütün dünyada qəbul edilən universal qaydasına görə, əgər bir şəxs  öz mülkiyyətində olan əmlakın bir hissəsini istər əvəzli, istərsə də əvəzsiz qaydada başqa şəxsin mülkiyyətinə verirsə, həmin hissə üzərində əldə edən şəxsin mülkiyyət hüququ əmələ gəlir.

Belə olan halda deyə bilərik ki, dövlət özəlləşdirmə payları Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz qaydada verilmiş əmlak hissəsi (əmlak payı) üzərində onun mülkiyyət hüququnu təsdiqləyən hüquqi anlayışdır. Başqa bir ifadə ilə, 1993-cü il tarixli Qanunun və 1995-ci il tarixli I Dövlət proqramının qəbul edilməsi ilə birlikdə, hər bir Azərbaycan vətəndaşının dövlət özəlləşdirmə payı üzərindəki mülkiyyət hüququ rəsmi şəkildə təsdiqlənib.

Mülkiyyət hüququ isə əsas insan hüquqlarından biri olub, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, hər hansı bir müddətə tabe deyildir və istifadə edilməmə onun xitamına səbəb ola bilməz. Bir şəxsdən mülkiyyəti bağışlama istisna olmaqla, yalnız onun razılığı ilə qarşılığı ödənilərək alına bilər. Məhz Konstitusiyanın 29-cı maddəsinin IV bəndində deyilir ki, “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Yenə həmin I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 3-cü abzasında deyilir: “Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər” (3-cü abzas).

Bu 3-cü abzasın tələbindən məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli Qanundan fərqli olaraq, dövlət özəlləşdirmə paylarının istifadə qabiliyyətini artırıb və onun satıla, girov qoyula biləcəyini, başqa formada özgəninkiləşdirilə biləcəyini qəbul edib. Buradan açıq-aydın görünür ki, I Dövlət Proqramı dövlət özəlləşdirmə paylarının tədavül edə biləcəyini tənzimləmir.

Sonrakı normalar təhlil edildiyi zaman Ulu Öndərin uzaqgörən hüquqi siyasətinə heyran olmamaq mümkün deyil. Belə ki, I Dövlət Proqramı haqlı, əsaslı və qanunvericilik (hüquq) texnologiyasına uyğun olaraq dövlət özəlləşdirmə paylarının tədavül edə biləcəyini tənzimləməyib. Belə ki, tədavül anlayışı bütün dünyada qiymətli kağızlar üçün qəbul edilən bir hüquqi anlayışdır. Dövlət özəlləşdirmə payları isə qiymətli kağız olmadığı üçün onların tədavülü mümkün deyil, əksinə onlar digər mülkiyyət hüquqları kimi satıla, girov qoyula və ya başqa formada özgəninkiləşdirilə bilər. Məhz I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 3-cü abzası da dövlət özəlləşdirmə payılarının tədavül edə biləcəyini deyil, satıla və ya başqa formada özgəninkiləşdirilə biləcəyini tənzimləyib.

Yenə həmin I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 4-cü abzasında deyilir: “Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə), nağd qiymətli, kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir” (4-cü abzas). Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli Qanunun ona verdiyi səlahiyyət əsasında dövlət özəlləşdirmə payını ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin oluna bilməsi üçün həmin çeklərin hamısının verildiyi an eyni dəyərə malik olduğunu ifadə etdi. Bu norma həm də deyir ki, 1 dövlət özəlləşdirmə payı 4 çek yarpağına bərabərdir.

Qısacası bu normadan məlum olur ki, dövlət özəlləşdirmə payı ilə dövlət özəlləşdirmə çeki bir-birindən fərqli xüsusiyyətlərə malik oluan iki ayrı hüquqi anlayışdır. Yəni qanunvericilik bu iki anlayışı bir-birindən aşağıdakı əsas fərqlər ilə ayırır:

1) Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu halda, dövlət özəlləşdirmə payı qiymətli kağız olmayıb, hər bir Azərbaycan Respublikası vətəndaşına dövlət əmlakından əvəzsiz qaydada verilmiş əmlak payıdır (mülkiyyətdir);

2) Qiymətli kağız olan dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Bunu I Dövlət Proqramının 3-cü bölməsinin 4-cü abzası da açıq ayın ifadə edir. Buradan anlaşılır ki, dövlət özəlləşdirmə payı olmasaydı, dövlət özəlləşdirmə çeki çıxarıla bilməzdi. Məlum məslədir ki, qiymətli kağız hər hansı bir əmlak hüququnu mütləq surətdə təsdiqləməlidir. Əks təqdirdə etibarsız olar. Məsələn, hər hansı səhmdar cəmiyyətin çıxardığı səhm qiymətli kağız olub, şəxsin həmin səhmdar cəmiyyətdə şərik olduğunu, həmin səhmdar cəmiyyətin ümumi paylı mülkiyyətinin bir hissəsinin mülkiyyətinin ona aid olduğunu təsdiq edir. Belə bir səhmdar cəmiyyət olmadığı halda, səhm buraxılıbsa, həmin səhm öz sahibinin hər hansı bir səhmdar cəmiyyətdə şərik olduğunu təsdiqləmədiyi kimi, hər hansı bir mülkiyyət hüququnu da təsdiqləmir. Bu səbəblə etibarsız hesab olunur;

3) Dövlət özəlləşdirmə çeki qiymətli kağız olduğu üçün tədavül edə bilər, onun tədavül müddəti müəyyən bir müddət ilə məhdudlaşdırıla bilər, o, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarıla bilər. Lakin dövlət özəlləşdirmə payı tədavül edə bilməz. Çünki tədavül anlayışı qiymətli kağızlara xas bir anlayışdır. Dolayısı ilə dövlət özəlləşdirmə payının tədavül müddətinin məhdudlaşdırılması da mümkün deyil.

Bütün bunlar əsasında deyə bilərik ki, qiymətli kağızların, o cümlədən dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti məhdudlaşdırıla bilər, lakin bu, onun çıxarılmasına əsas olan dövlət özəlləşdirmə payının (mülkiyyət hüququnun) xitamına səbəb ola bilməz.

Qısası, “dövlət özəlləşdirmə payı” Respublikamızın qanunvericiliyi əsasən “dövlət özəlləşdirmə çeklərindən” daha əvvəl qəbul edilən anlayış olub, Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissəni ifadə edir. Yəni “dövlət özəlləşdirmə payı” ilə “dövlət özəlləşdirmə çeki” anlayışları bir-birindən fərqli hüquqi anlayışlardır. Bu fərqi I Dövlət Proqramının 3 bəndinin 4-cü abzasının “dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir” ifadəsi də sübut etdiyi kimi, həm də dövlət özəlləşdirmə çekinin qiymətli kağız olması, qiymətli kağızın isə bir iqtisadi dəyəri (məsələn, dövlət özəlləşdirmə payı kimi) təsdiqləmək üçün çıxarıla biləcəyi ilə bağlı bütün dünyada qəbul edilən universal hüquq qaydası sübut edir.

– Mübariz müəllim, bəzən mətbuatda dövlət özəlləşdirmə çekləri ilə bağlı bu çeklərin çıxarıldığı vaxt olduğu kimi, bu gün adi kağız olması barədə məlumatlar verilir. Bunu necə izah edərsiniz?

– Hesab edirik ki, bu yanaşma hüquqi əsaslandırmadan çox uzaqdır. Belə ki, qanunvericilik açıq-aydın ifadə edir ki, dövlət özəlləşdirmə çekləri qiymətli kağızıdır. Məhz I Dövlət Proqramının 3 bəndinin 4-cü abzasında deyilir ki, “dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir”. Bundan başqa qiymətli kağızlara dair beynəlxalq nəzəriyyələr olan “kreasyon nəzəriyyəsi”ni, “müqavilə nəzəriyyəsi”ni, “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə nəzəriyyəsi”ni nəzərə alaraq, dövlət özəlləşdirmə çeklərinin Azərbaycan Respublikası qanunvericiliyində hər hansı bir sənədin qiymətli kağız hesab olunması üçün tələb edilən məcburi şərtlərə cavab verdiyini deyə bilərik.

Çıxarıldığı vaxt qiymətli kağız olan bir sənədin bu gün artıq qiymətli kağız olmadığını iddia etmək isə Konstitusiyaya, qanunlarımıza, insan hüquqlarına dair beynəlxalq sənədlərə əsasən qəbuledilmzədir. Konstitusiyamızın, qanunlarımızın, insan hüquqlarına dair beynəlxaq sənədlərin tələblərini nəzərə alaraq deyə bilərik ki, nominal dəyəri –  inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olan dövlət özəlləşdirmə çekləri bu gün də ən bahalı DÖVLƏT QİYMƏTLİ KAĞIZIDIR!

Bütün bunlar əsasında hesab edirik ki, yeni özələşdirmə qanununda ya dövlət özəlləşdirmə çekləri tədavül (ödəniş) vasitəsi kimi dövriyyəyə qaytarılmalıdır, ya da Konstitusiya və Mülki Məcəlləyə uyğun olaraq vətəndaşlara inflyasiyadan qorunan əmlak dəyəri qədər kompensasiya ödənildikdən sonra, orta və böyük müəssisələrin özəlləşdirilməsi davam etdirilməlidir. Bu, Konstitusiyamızın, qanunlarımızın və insan hüquqlarına dair beynəlxalq sənədlərin mülkiyyət hüququ ilə bağlı qaydalarının tələbidir.

Ulu Öndərimiz Heydər Əliyevin imzasını daşıyan Konstitusiya və özəlləşdirmə haqqındakı qanunlarda yazılmış hüquqi faktlar aksioma xarakteri daşıyır və beynəlxalq hüquqa əsaslanır. Bunları bilərək öz fikirlərində israr edənlər məsələyə obyektiv yanaşmadıqlarını göstərirlər. Hamı bilməlidir ki, özəlləşdirmə çekləri vətəndaşlara dövlət təminatlı miras əmlak payını almaq üçün Konstitusiya və qanunlar əsasında verilib. Məlum məsələdir ki, Dövlət və İcra Hakimiyyəti fərqli anlayışlardır. Yəni icra hakimiyyətinin heç bir normativ hüquqi aktı vətəndaşların əsas insan hüququ olan mülkiyyət hüququnu əlindən ala bilməz. Bu, ancaq məhkəmə qərarı və ya qanunla olmalıdır. Dövlət özəlləşdirmə çeklərinə “əhəmiyyətini itirmiş adi kağız parçasıdır” deyənlərə məsləhətim budur ki, məsləyə hüquq müstəvisində obyektiv elmi əsaslar ilə yanaşsınlar. “Təkcə qanununun qəbul edildiyi vaxt mövcud olan münasibətlərə tətbiq olunur” qaydasını xatırlasaq, bu fikirlərinin yanlış olduğu sübut olunur.

– Son olaraq, özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlara nə tövsiyə edərdiniz?

– Özəlləşdirmə çeklərinizi satmayın. Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə yeni özəlləşdirmə qanunu ən geci 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qəbul olunacaq. Biz demokratik və hüquqi dövlətin vətəndaşlarıyıq. Konstitusiyaya, qanunlara, Ulu Öndərin tarixi sosial ədalət siyasəti və prinsipinə, eləcə də Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin layiqli davamçısı olmasına güvənirik, güvənməliyik. Bu mənada 100 faiz əminliklə deyə bilərəm ki, Cənab Prezident artıq özəlləşdirmə çekləri ilə bağlı yeni qanun layihəsini hazırlayan hüquqşünas və mütəxəssislərə bu barədə öz göstərişlərini verib.

Redaksiyadan QEYD:

Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə bu KEÇİDdən tanışa ola bilərsiniz.

Əlavə məlumatlar:

Link 1

Link 2

Link 3

Link 4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki