Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq.
Azərbaycan–Özbəkistan qardaşlığının bariz nümunəsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial layihələrdə öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistanın təşəbbüsü ilə Xankəndidə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Hazırda burada iki yüzdən çox insan çalışır, onların böyük əksəriyyəti qadınlardır. Bu təşəbbüs Qarabağda məşğulluğun artırılması, qadınların sosial-iqtisadi həyata cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Füzuli şəhərində özbək xalqının dahi mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəbin inşası Qarabağın dirçəlişinə simvolik töhfədir. Bu addım Azərbaycan və Özbəkistan xalqları arasında sarsılmaz dostluğun daha bir təcəssümüdür. Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə bəyanatlarla deyil, əməli addımlarla sübut olunmuş qardaşlıq üzərində qurulub. Ən çətin məqamlarda belə Özbəkistanın Azərbaycana dəstək göstərməsi, Qarabağın bərpasına konkret layihələrlə qoşulması bu dostluğun reallığını nümayiş etdirir. Yüksək səviyyəli görüşün ən mühüm nəticələrindən biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə qərardır. Prezident İlham Əliyev bəyan etdi ki, artıq müvafiq dövlət qurumlarına göstərişlər verilib və nəqliyyat, tranzit, logistika, enerji, neft, qaz və mədəni əlaqələr üzrə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq. Bu isə regionda yeni geosiyasi əməkdaşlıq mərkəzinin formalaşdığını göstərir.
Dövlət başçımız çıxışının sonunda vurğuladı ki, bu Zirvə görüşü tarixi hadisədir və bölgədə sülhə, əməkdaşlığa və davamlı inkişafa xidmət edəcək yeni tərəfdaşlıq formatı yaradılıb. Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu strateji tərəfdaşlıq yalnız iqtisadi maraqlara əsaslanmır, həm də ortaq tarixi-mədəni bağlara, etnik və mənəvi yaxınlığa söykənir. Bu isə əməkdaşlığı daha dayanıqlı və uzunmüddətli edən əsas amillərdəndir. Azərbaycanın regional liderlik mövqeyi və təşəbbüskar diplomatiyası bu formatın perspektivlərini daha da gücləndirir, xüsusilə də enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və ticarət sahələrində birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Bundan başqa, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” imzalandı. Beləliklə, 22 avqustda keçirilən görüş və onun nəticələri qlobal enerji bazarında, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında yeni geoiqtisadi reallıqların formalaşmasına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin bəyanatı isə yalnız regionun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə kifayətlənmədi, eyni zamanda Azərbaycanın xarici siyasət kursunun ardıcıl, praqmatik və uğurlu nəticələrini bir daha təsdiqlədi.
Veteran müəllim Vəfadar Niftəliyev