Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir.
Türk dünyası ilə, xüsusən Orta Asiya respublikaları ilə qarşılıqlı əlaqələri gücləndirməsi həm də siyasi və tarixi zərurətdən irəli gəlir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın mahiyyətini ehtiva edir. Bu səfər zamanı Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi münasibətlərimizdə yeni səhifə açdı.
Ortaq tarixi, dini, dili və mədəniyyəti bölüşən, eyni kökə malik xalqlar arasında əlaqələri qoruyub saxlamaq, möhkəmləndirmək Prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Türkmənistan və Özbəkistan dövlətləri ilə münasibətləri daha da inkişaf edib. Uzun illərin sınağından çıxan dostluq əlaqələrimiz bu gün də davam etdirilir. İndiki qeyri-sabit, münaqişələrlə dolu dünyada türk dövlətləri arasında məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir. Azərbaycanın Türkmənistan və Özbəkistanla strateji məsələlərdə mövqeləri üst-üstə düşür. Qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığımız həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir. Türk dövlətlərinin beynəlxalq arenada nüfuzlarının ildən-ilə artması, iqtisadi potensiallarının güclənməsi Azərbaycanı sevindirməyə bilməz. Özbəkistanın Xankəndidə inşa etdiyi tikiş fabriki artıq fəaliyyət göstərir. Hazırda orada iki yüzdən çox insan çalışır. Onların əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqının çox böyük hədiyyəsidir. Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbdə yüzlərlə şagird təhsil alır. Bakıda, Ağ şəhərdə “Özbəkistan” parkının yaradılması daha bir qardaşlıq nümunəsidir. Azərbaycan-Özbəkistan dostluğu sözdə deyil, əməldə öz təsdiqinin tapıb. Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq. İmzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin də olması diqqət cəlb edir. Bu sənəd qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə, qardaş kimi yaşayıblar.
Veteran müəllim Vəfadar Niftəliyev