Azərbaycan Vəkillər Kollegiyasının üzvü, 28 saylı Vəkil Bürosunun vəkili Mirdamət Qadirli redaksiyamıza şikayət məktubu yollayıb.
“Qanunla.az” xəbər verir ki, vəkilin sözlərinə görə, iki dəfə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin qəbuluna yazılsa da, lakin onu qəbul etməyib:
“Qəbula getməyimə səbəb isə hüquqlarını müdafiə etdiyim şəxsə səhv vergi borcunun yazılmasıdır. Bununla bağlı isə 3 dəfə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət etsəm də hər dəfə mənə formal cavab yazmaqla məşğuldurlar. Məhz buna görə də xidmət rəisi Orxan Nəzərlinin qəbuluna iki dəfə yazılsam da heç bir nəticə olmayıb. Maraqlı odur ki, mən bir vəkil kimi Orxan Nəzərlinin qəbuluna düşə bilmirəmsə market işlədən və vergi xidmətindən şikayəti olan sahibkar onun qəbuluna necə düşsün?! Amma Qazax rayonunda qeydiyyatda olmaqla yaşayan vətəndaş Astarada keçirilən Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbuluna çox asanlıqla düşür və problemi də həll olunur”.
Vəkil onu da bildirib ki, bu gün Baş Prokuror Kamran Əliyevin qəbuluna düşmək daha asandır nəyinki Orxan Nəzərlinin qəbuluna düşmək:
“Görünən odur ki, ölkə başçısının rəhbər şəxslərin vətəndaşları qəbul etməsi ilə bağlı şifahi göstərişi Orxan Nəzərli tərəfindən icra olunmur”.
Orxan Rasifoğlu


























