Ölkənin konstitusiya quruluşunun tarixi
Hər bir dövlətin mövcudluğu, idarəetmə prinsipləri və hüquqi sistemi onun konstitusiya quruluşu ilə müəyyən edilir. Konstitusiya — dövlətin əsas qanunu, cəmiyyətin siyasi, iqtisadi və sosial əsaslarını tənzimləyən ali hüquqi sənəddir. Azərbaycan xalqının konstitusiya quruluşu uğrunda mübarizəsi, əslində, onun müstəqillik və azadlıq uğrunda apardığı tarixi mübarizənin bir hissəsidir. Ölkəmizin konstitusiya inkişafı mərhələlərlə formalaşaraq bu gün müasir demokratik dövlət quruluşunun bünövrəsini təşkil etmişdir. “Konstitusiya” termini latınca “constitutio” sözündən götürülüb, “quruluş”, “əsas nizam” mənasını verir. Konstitusiya dövlətin hüquqi-siyasi bünövrəsini, hakimiyyətin bölünməsi prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, habelə dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirir.Başqa sözlə, konstitusiya – dövlət və xalq arasında bağlanmış ictimai müqavilədir. Onun əsas məqsədi insan və vətəndaş hüquqlarını təmin etmək, dövlətin fəaliyyətinə hüquqi çərçivə yaratmaqdır. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika idi. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi” ölkəmizin ilk konstitusiya xarakterli sənədi sayılır. AXC-nin 1919–1920-ci illərdə hazırladığı Konstitusiya layihəsi tam qəbul edilməsə də, həmin dövr Azərbaycanın demokratik dövlətçilik ənənələrinin bünövrəsini qoydu. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və sovet hakimiyyəti quruldu. Bu dövrdə Azərbaycan SSR adlandırıldı və onun hüquqi əsasları SSRİ konstitusiyalarına uyğun şəkildə müəyyən olundu. 1921-ci il Konstitusiyası – Azərbaycan SSR-in ilk sovet konstitusiyası idi. Bu sənəd kommunist ideologiyasına əsaslanırdı və sovet idarəçiliyi prinsiplərini əks etdirirdi. 1937-ci il Konstitusiyası – SSRİ-nin 1936-cı il “Stalin Konstitusiyası”na uyğunlaşdırılmış variant idi. Bu dövrdə formal olaraq hüquq və bərabərlik prinsipləri təsbit olunsa da, faktiki olaraq dövlət totalitar rejimlə idarə olunurdu. 1978-ci il Konstitusiyası – SSRİ-nin 1977-ci il “Brejnev Konstitusiyası” əsasında qəbul olunmuşdu. Bu sənəddə Azərbaycan SSR-in rəsmi dili kimi Azərbaycan dili tanınmış və milli özünüdərk məsələlərində mühüm addım atılmışdı. Sovet konstitusiyalarının ümumi xüsusiyyəti onların real müstəqilliyi təmin etməməsi, SSRİ Konstitusiyasına tabe olması idi. Yəni Azərbaycan formal dövlət quruluşuna malik olsa da, həqiqi suverenliyə sahib deyildi.XX əsrin sonunda SSRİ-nin süqutu ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu sənəd ölkəmizin hüquqi dövlət kimi bərpasında əsas rol oynadı. Lakin müstəqil dövlətin idarəçilik prinsiplərini və hüquqi sistemini müəyyənləşdirmək üçün yeni bir konstitusiyaya ehtiyac var idi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu tarix Azərbaycan dövlətçiliyində yeni bir mərhələ açdı.
Veteran müəllim Vəfadar Niftəliyev





















