Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya saxta “erməni soyqırımını”
bəyan edən ABŞ prezidentinə etirazlarının bəyan ediblər
Tarix unudulmur, izlər silinmir, heç nə yaddan çıxmır. Amma təəssüf ki, bu tarixi saxtalaşdıran qüvvələr olur. Hazırda Türkiyəyə qarşı məqsədli şəkildə sıxışdırılma siyasəti aparılır. Bu siyasət uzun illər Azərbaycana qarşı da aparılmışdır.
Tarixə nəzər salsaq, ilk olaraq 1918-ci il 31 mart soyqırımını xatırlayarıq. Bu soyqırımı nəticəsində təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Daha sonra XX əsrin faciəsi olan Xocalı soyqırımı törədildi. 1992-ci il fevralın 26-da 7 min əhalisi olan Xocalı şəhərinə soxulan Ermənistan hərbi birləşmələri bu şəhərdə amansız faciə törətdilər. Hansı ki, bu təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət idi. Ancaq uzun illərdən bəridir ki, bu cinayət öz siyasi-hüquqi qiymətini almamışdı. Bu da aparılan ikili siyasətin nəticəsidir.
Bütün bu hadisələri son vaxtlar qondarma “erməni soyqırımı” iddialarını gündəmə gətirən ermənilər törədib. Sadəcə ermənilər deyil, regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir ki, onların yalan iddialarına şərik olub, onları dəstəkləyirlər. Bəs bu yalançı “haqsızlığa” göz yuma bilməyən həmin o qüvvələr, Azərbaycana qarşı soyqırımlar, faciələr törədiləndə harda idilər?! “Həqiqət” axtarışında olan həmin o qüvvələr əvvəlcə həqiqi tarixə baxmalı olduqları halda, saxta “tarix” yazırlar.
Hər zaman olduğu kimi bu gün də Azərbaycanla Türkiyə, xalqlarımız bir-birinin arxasında və yanında dayanmağa davam edirlər. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların birləşərək Türkiyənin yanında olduğumuzu və ABŞ prezidentinin mövqeyini qətiyyətlə pislədiyini bildirmələri də buna əyani sübutdur.
Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal
Rəsmi İrəvanın məkrli siyasəti
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tarixin təhrif olunmuş nümunəsi olan qondarma “erməni soyqırımı” ifadəsini işlədən ABŞ prezidenti Baydənə və tarixin saxtalaşdırılmasına qarşı etiraz bildiriliblər.
Tarixi faktlar sübut edir ki, ermənilərin saxtakarlığını hələ XVII əsrdə müstəmləkəçi dövlət olan Böyük Britaniya ermənilərdən bir alət kimi istifadə etmişdir. İngilis təbliğatı onları istiqamətləndirirdi ki, ərazi əldə etmək üçün harada türk-müsəlman əhalisi gördünüz onları qırın, məhv edin ki, istədiyinizə nail olasınız. Daha sonra isə həmin vasitədən Rusiya imperiyası gen-bol istifadə etməyə başladı. Çar Rusiyası zamanında Van, Qars və Ərzurumda rus konsulu olmuş Mayevski öz xatirələrində göstərir ki, bütün doğu Anadolunu başdan-başa gəzib dolaşmışdır. O qeyd edir ki, “harada erməni ölürdüsə, günah ancaq onun özündə idi”.
Belə bir fakt da diqqəti özünə çəkir ki, 1893-1896-cı illərdə ingilislərin öyrətməsi ilə ermənilər minlərlə dinc türk əhalisini məhv etmişlər. Əlbəttə, bu proses ermənilərin iddiasında olduqları yalançı 1915-ci il “soyqrımı”ndan çox-çox əvvəl baş vermişdi. Birinci Dünya müharibəsi başlayan zaman səfərbərliyin elan olunması ilə Osmanlı dövləti ərazisində yaşayan ermənilərin böyük bir qismi Çar Rusiyasının və bir qismi də İngiltərə və Fransanın tərəfinə keçdilər. Erməni millətçiləri bütün imkanları ilə osmanlılara qarşı savaşa qoşuldular. Ermənilər Osmanlı dövlətinin siyasi və hərbi durumu barədə casusluq edir, Osmanlı ordusuna səfərbər olanlar isə fərarilik edərək əldə silah rus ordusuna qoşuldular. Odur ki, Osmanlı ordusuna qarşı vuruşan yeni bir cəbhə – “erməni cəbhəsi” yaranmışdı.
Bütün bu tarixi faktları gözardı edən ABŞ rəhbərliyi verdiyi bəyanatla bir daha dünyaya ikili siyasət yürütdüklərini sübut etdi. Lakin bu cür əsassız bəyanatlar heç vaxt tarixi dəyişə bilməz. Biz daim qardaş Türkiyə ilə çiyin-çiyinə haqsızlıqlara qarşı mübarizə aparmışıq və aparmağa da davam edəcəyik. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı da bunu bir daha sübut edir.
Famil Abbasov – Vətən müharibəsi iştirakçısı
ABŞ prezidentinin heç bir tarixi fakta əsaslanmayan hadisələrə dair mövqeyi bizi məyus edir və bu ABŞ rəhbərliyinin tarixi səhvidir
Saxta tarixin bəhrəsi olan “Erməni soyqırımı” siyasətinin əsasında Türkiyə dövləti tərəfindən onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi əsasız iddialar durur. Onu da deyək ki, ermənipərəst qüvvələr həmin hadisələrdən bir vasitə kimi bu gün də faydalanmağa çalışırlar. Əslində isə o vaxt Türkiyədə öldürüldüyü iddia edilən qədər erməni yaşamırdı. Bu rəqəmin erməni tarixçilərinin bir qismi 600 min, bir qismi isə 1 milyon olduğunu desələr də, rus mənbələri bunun yalan olduğunu bilə-bilə bu rəqəmin 2 milyon olduğunu yazırlar.
Bəs bu 24 aprel tarixi – qondarma “erməni soyqrımı” günü haradan qaynaqlanır? Bunu erməni müəllifi Akop Keşişyan belə qiymətləndirir: “Yunanlıların qızışdırması ilə 24 aprel tarixinin erməni qətliam günü olaraq Beyrutdakı Ortodoks kilsəsi tərəfindən elan edilməsi hamımızı üzüntüyə qərq etdi.”
Bir sözlə, erməni xəyanətkarlığı dünya savaşı zamanı yaşadıqları ölkəni – Türkiyəni məğlub etməyə uğursuz bir cəhd kimi qiymətləndirilməlidir. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
ABŞ prezidentinin heç bir tarixi fakta əsaslanmayan hadisələrə dair mövqeyi bizi məyus edir və bu ABŞ rəhbərliyinin tarixi səhvidir. Biz Azərbaycan xalqı olaraq daim bizə qardaş olan Türkiyənin haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyik. Bunu məlum bəyanata qarşı haqlı olaraq etirazlarını bildirən siyasi partiyalarımızın mövqeyi də sübut edir.
Vüsalə Kərimova – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru
Co Bayden qondarma “erməni soyqırımı” bəyanatı ilə ABŞ-ın dünyaya demokratiya dərsi keçmək iddiasını dəfn etdi
Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı Prezident Co Baydenin 24 aprel 2021-ci il bəyanatı ABŞ-ın demokratiya və ədalət etalonu olması barədə illüziyaları ifşa etdi. Axı necə olur ki, yüz il əvvəlin hadisələrini ağına-bozuna baxmadan “soyqırım” adlandıran Bayden 30 il əvvəl Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımını vecinə də almır?
ABŞ kimi qüdrətli dövlətin siyasi məqsədlərlə tarixi təhrif etməsi acı reallıqdır. Halbuki qardaş Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu bəlkə min dəfə bildirib, bu işi araşdıran birgə komissiya yaradılmasını təklif edib. Ermənistan isə yalan və saxta iddiasının ifşa olunacağını bildiyi üçün bu təklifi həyasızcasına rədd edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev 1915-ci il hadisələrini siyasiləşdirməyin regiondakı kövrək əməkdaşlığa ciddi zərər vurduğunu bildirib və deyib ki, bu cür bəyanatlar qərəzlidir, sülhə təhdiddir. Əslində o dövrdə ermənilər 500 mindən çox günahsız insanı, 1918-ci ilin martında 12 mindən çox türk-müsəlmanı qətlə yetirib, 1992-ci il fevralın 26-da isə 7 min əhalisi olan Xocalı şəhərini yer üzündən silib. Amma həm də bəşəriyyətə qarşı yönələn bu ən ağır cinayətlər, aqressiv erməni siyasəti uzun illərdir siyasi-hüquqi qiymətini almır, ABŞ və digər güclər erməni millətçilərindən Mərkəzi Anadoluda, Azərbaycanda törətdikləri amansız qətllərin hesabını sormurlar. Səbəb budur ki, bu güclərin cəfəng və məkrli məqsədi Ermənistana təzminat ödənilməsinə, Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsinə nail olmaqdır. Və erməni ədəbiyyatında Türkiyənin şərqinin “Qərbi Ermənistan” adlandırılması qətiyyən təsadüf deyil.
Amma son günlər dünya bir daha anladı ki, bu məsələlərdə Azərbaycanın və Türkiyənin mövqeləri konkret və birmənalıdır. Belə ki, aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti telefonla danışaraq ABŞ Prezidenti C.Baydenin bəyanatını qınayıb, bu yanlış qərarı tarixi səhv və qəbuledilməz adlandırıblar. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın hər zaman Türkiyənin yanındadır.
Yeri gəlmişkən deyək ki, ölkəmizdəki 48 siyasi partiyanın bu məsələ ilə bağlı birgə bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin əbədiliyinin, sarsılmazlığının daha bir parlaq təcəssümüdür.
İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru
Siyasi partiyaların bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvisində qurulduğunun növbəti sübutudur
Sosial şəbəkələrdə ABŞ prezidentinin məlum bəyanatı ilə bağlı məqsədli şəkildə siyasi manipulyasiyalar aparılmaqdadır. Xüsusilə də, “5-ci kolon” diqqəti demokratiya mövzularına gətirib başqa ölkələri ittiham obyektinə çevirməyə cəhd edirlər. Lakin Azərbaycan ictimaiyyəti də qəbul edir ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ prezidentinin bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bu mənada, bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri qəbuledilməzdir. Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. Ona görə də, ABŞ Prezidentinin bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Heç şübhəsiz ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan qardaş Türkiyəyə dəstək verdi, bütün varlığı ilə Türkiyənin yanında olduğunu isbatladı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik ideaları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etdilər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvisində qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümü oldu.
Səbuhi Kərimov-Yeni Azərbaycan partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir
Erməni lobbisinin uydurma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyan ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatda “soyqırımı” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaq cəhdidir. 106 il bundan əvvəl Birinci dünya müharibəsi zamanı 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərin təhrif edilməsi bir daha ABŞ-ın ikili siyasət yürütdüyünü, beynəlxalq hüququ öz siyasətlərinə qurban verdiyini sübut edir.
Prezident Baydenin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq qardaş Türkiyədə, Azərbaycanda və Türkiyəyə dost olan bütün ölkələrdə kəskin etirazlarla qarşılanıb. Tarixi faktlar göstərir ki, 1915-ci ildə Osmanlı dövlətində ermənilər qətlə yetirilməyib, əksinə həmin illərdə və sonralar türklər və azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində erməni faşistləri tərəfindən misli görünməmiş soyqırıma məruz qalıblar. Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana və bu məsələ ilə maraqlanan digər dövlətlərə müraciət edərək bildirib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı bütün tarixi məlumatları təqdim etməyə hazırdır. Ancaq həqiqətləri qəbul etməyən, ancaq yalan və uydurmalar üstündən siyasət quran Ermənistanı bu tarixi məlumatlar maraqlandırmır.
Baydenin bəyanatında “soyqırım” ifadəsinin indi dilə gətirilməsinin bir çox səbəbləri var. Birincisi, Co Baydenin Amerikada fəaliyyət göstərən erməni lobbisi ilə yaxın əlaqələri məlumdur. Bu səbəbdən o seçkiqabağı kampaniyada Amerikada yaşayan ermənilərə verdiyi sözə əməl etdi. O eyni zamanda bununla son illərdə artıq heç kimdən asılı olmayan siyasət yürüdən, sürətlə inkişaf edən, güclənən, regionun şəksiz liderinə çevrilən, dünyanın güc mərkəzlərindən biri olan Türkiyəyə təsir göstərmək istəyir. Səbəblərdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində Azərbaycana məğlub olan, kapitulyasiya aktını imzalayan Ermənistana, ümumiyyətlə ermənilərə təsəlli verməkdir.
Ancaq bütün bunlar bizim və qardaş Türkiyənin haqlı mübarizəsinə mane ola bilməz. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanatı bizim qardaşlığımızın əyani təzahürüdür.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Bu “soyqırımı” tarixçilər tərəfindən araşdırılmalı və həqiqət öz yerini tapmalıdır
Ermənilər tərəfindən 1990-cı ildən etibarən Azərbaycan xalqına qarşı sistematik şəkildə törədilən qətliamlar, o cümlədən əsrin faciəsi Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərin minalanması və buna dair xəritənin qərəzli şəkildə hələ də Azərbaycan tərəfinə təqdim edilməməsi, 1915-ci ildə Anadoludakı müsəlman xalqlara qarşı törədilən qırğınlar, 1918-ci il soyqırımı və bu kimi bir çox qətliamlar bütün dünyanın gözü qarşısında işlənib, saysız insanımız bu qətliamlara və soyqırımlarına məruz qalıb. Ümumilikdə türk millətinə qarşı törədilən bütün bu soyqırımı hallarının səbəbkarları hələ də ədalət və insanlıq qarşısında cavab verməyib və heç bir təzminat ödəməyib. Bütün bunlara səssiz qalan dünya erməni diasporunun təsiri altında ortaya atılan və bəzi siyasi motivlər üzərində qurulan növbəti erməni yalanına inanmağa üstünlük verir. Son olaraq ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” adlandırılması qəbuledilməzdir və iki ölkə arasında müttəfiqlik münasibətləri baxımından təhlükəlidir. Tarixi və qanunları təhrif edən bu iddiaları ortaya atanlar əvvəlcə 1905-1920-ci illər arasında və sonra vəhşicəsinə qətlə yetirilən, sözün həqiqi mənasında soyqırımına uğrayan milyonlarca türkün ağrı-acılarını görməlidir. Bütün bu qətliamlara göz yuman dünya ictimaiyyətinin, o cümlədən ABŞ-ın bu cür iftiralarla çıxış etməsi hər şeydən əvvəl həqiqətə və insanlığa qarşı haqsızlıqdır. Türk millətinə qarşı bütün insanlığın gözü qarşısında törədilən bütün bu cinayətlər sübutlarla ortadadır. Videogörüntüləri, canlı şahidləri ilə tarix və insanlıq önündə öz təsdiqini tapan Xocalı soyqırımına hələ də səssiz qalan insan haqları qoruyucuları, bütün bu cinayətləri görməzdən gəlir. Soyqırımı iddiaları ilə çıxış edənlər əvvəlcə Azərbaycan və Türkiyənin müxtəlif yerlərində soyqırımına uğrayan türklərin toplu məzarlarını, ölüm quyularını ziyarət etməlidir.
Müəyyən siyasi səbəblərdən ortaya atılan bu “soyqırımı” tarixçilər tərəfindən araşdırılmalı və həqiqət öz yerini tapmalıdır. Bu iftiralar hər dəfə siyasi baxımdan çıxmaza girən Ermənistan üçün çıxış yolu olmamalı, bölgədə sülh və sabitlik birdəfəlik bərqərar olmalıdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyir və hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirirlər
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir və dünyanın hər bir yerində yaşayan və özünü türk sayan insanlar üçün təhqirdir. Çünki tarixdə olmayan bir şeyi bu formada bir millətin adına yazmaq onu təhqir etmək deməkdir. Əgər söhbət soyqırımdan gedirsə, onların yaxın keçmişdəki ulu babaları yaşadıqları ərazidə Amerika hindularına qarşı soyqırımı törədiblər. Madam ki, tarixi məsələlərə dövlət və prezident qarışırsa, onda elə birinci ABŞ-ın özündən başlamaq lazımdır. Türkiyə dəfələrlə təklif edib ki, bu məsələni tarixçilərin öhdəsinə buraxaq və onlar arxiv materialları əsasında həqiqəti meydana çıxarsınlar. Digər tərəfdən, əgər Türkiyə keçmişinə görə hesabat verməlidirsə, onda ABŞ dövləti qurularkən yerli hinduların qırılması hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qırılan mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qətlə yetirilən insanların hesabatını kim verməlidir? ABŞ prezidenti buna niyə münasibət bildirmir? Lakin çox təəssüf ki, tarixdə olmayan hadisəni qəbul edən ABŞ prezidenti dünyanın gözü qarşısında ermənilərin törətdiyi və konkret sənədlərdə, audio, videoyazılarda əks olunan Xocalı soyqırımını hələ də görmək istəmir.
Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanındadır. Tarixdə “erməni soyqırımı”nın olduğunu təsdiqləyən heç bir fakta rast gəlinməyib. Əksinə, ermənilər özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoquna az təsadüf edilən soyqırımlar törədiblər. Məsələn, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımı, 1992-ci ildə həyata keçirilən Xocalı soyqırımı. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma “erməni soyqırımı” bəzi dövlətlərin əlində, sadəcə, siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir. Hər zaman Türkiyənin yanında olan Azərbaycan onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir, Türkiyənin problemlərini öz problemi, sevincini də öz sevinci hesab edir.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyir və hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirirlər.
Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Ermənistan tərəfindən hələ təkcə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir
Keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri daim “dənizdən-dənizə” böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırım siyasəti yeritmişlər.
Bu günlər saxta “erməni soyqırımı” təbliğatı bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində bütün türk-müsəlman dünyasını hədəfə alınmış, o cümlədən Azərbaycan dövlətinə də yönəldilmiş mənfur bir siyasətə çevrilmişdir.1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistanın tarixi saxtalaşdırılmaqla özlərinin törədikləri əməlləri başqalarının adına qələmə vermək cəhdləri qəbuledilməzdir. Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər hadisələri saxtalaşdırır və 24 aprel 1915-ci ili “erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı, şəraiti bilməyənlər və ya o hadisələrin obyektiv təhlilini bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı soyqırım siyasəti aparmışlar. 24 aprel qondarma “erməni soyqırımı” günü dünyanı idarə edən qlobal güclərin Türk dünyasına qarşı yönəlmiş silahı və kiçik millətin böyük iddialarından başqa bir şey deyildır. Ümumiyyətlə, XIX yüzilliyin ikinci yarısından erməni quldurları tərəfindən öncə Türkiyəyə sonra Azərbaycana qarşı həyata keçirilən ərazi iddiaları da, məhz həmin məkrli “erməni soyqırımı” siyasətinin davamı kimi həyata keçirilmişdir. Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddiaları yalandır.
Bu gün erməni terrorçularına arxa çıxan bəzi dövlətlər bəlkə uzaq keçmişi araşdırmaqdansa yaxın tarixə nəzər salsınlar. 100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən hələ təkcə Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıblar. Bu bəyanat Azərbaycanın qardaş Türkiyə ilə birlikdə haqsızlıqlara və onlara qarşı yönələn istənilən ikili siyasətə qarşı mübarizəsini özündə əks etdirir.
Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”
məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıblar
Ermənistan dövləti tarix boyu yurdsuz, yuvasız olub. Onlar həmişə digər dövlətlərdən torpaq qoparmağa çalışıblar. Guya tarixi torpaqlarını birləşdirirlər.
Bəs bu dəfə məqsəd nədir. Mən sizə deyim. Qondarma “erməni soyqırımı” adı altında indi də Türkiyə dövlətindən torpaq qoparmağa çalışırlar. Saxtakarlıq və fitnəkarlıq üzərində qurulmuş Ermənistanın məkrli siyasəti hər yerdə öz çirkinliyi ilə ciddi şəkildə biruzə verir. Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Rəsmi İrəvanın məkrli siyasəti hələ də dünyada yayılmaqdadır. Bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb.
Azərbaycan dövləti tərəfindən məğlub olan ermənistan burunları sürtsə də, özlərinə yığışmayıblar. Gülüncdür əslində, məğlub ermənilər məğlubluğa alışıblar. Başa düşmürlər ki, türklərə qalxan hər bir əl qırılmağa məhkumdur. Necə ki, Azərbaycana qalxan əlləri qırıldı, türk qardaşlarımıza da qalxan əlləri qırılacaq. Ermənilərin tərəfdarları da uduzacaqlar. Türklər üzərində öz təxribatlarını apara bilməyəcəklər.
Hər zaman bir-birinə arxa və dayaq olan Azərbaycan və Türkiyə münasibətləri bundan sonra daha da güclənəcək, istənilən haqsızlığa qarşı birgə mübarizəmiz davam edəcəkdir. Ölkəmizdəki siyasi partiyaların bəyanatı da bu dediklərimizi bir daha sübut edir.
Vəfa Xəlilli – “Gəncliyə Dəstək” İB-nin sədri
























