Vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Regional inkişaf proqramları ilə yanaşı, inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla icra edildi. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” müəyyənləşdirildi və uğurlu icrası təmin olundu. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalı, yoxsulluq azaldılmalı və s.
Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail oldu. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və s. kimi fərmanlar sahibkarlığın inkişafına böyük zəmin yaratdı. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq iş adamlarının qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində qeydiyyata alınmaları, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti də vətəndaş amilinə verilən dəyəri ortaya qoyur. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-” Dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman “Elektron hökumət” prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olduğunu bildirib. Şəffaflığın maksimum dərəcədə təmin edilməsi əsas çağırılardandır.
Atılan addımlar Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. İmzalanan Fərman və sərəncamlar, eyni zamanda, Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal




















