Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir.
Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. İki xalqı birləşdirən bu münasibətlər, ortaq dəyərlər və qarşılıqlı hörmət əsasında inkişaf edərək zamanla daha da möhkəmlənmişdir.
2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə cənab Prezident bildirmişdir ki, Azərbaycan ilə Vyetnamı yalnız diplomatik münasibətlər deyil, həm də tarixi bağlılıq və qarşılıqlı hörmət birləşdirir. O, xüsusilə 1959-cu il və 1983-cü ildə baş vermiş mühüm səfərlərə toxunaraq vurğulamışdır ki, bu cür əlamətdar görüşlər ölkələr arasında əməkdaşlığın təməl daşı olmuşdur. Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycan bu dostluğu daim yüksək qiymətləndirir və onu möhkəmləndirmək üçün konkret addımlar atır.
Müsahibə zamanı dövlət başçısı iqtisadi, təhsil, energetika və mədəniyyət sahələrində gələcək əməkdaşlıq imkanlarına da toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı ticarət dövriyyəsi artırılmalı, birgə layihələr təşviq edilməlidir. Eyni zamanda, təhsil sahəsində tələbə mübadiləsi, mədəni tədbirlər və elmi-tədqiqat layihələri də ikitərəfli münasibətlərin inkişafı baxımından vacib alətlər kimi təqdim olunmuşdur.
Prezident cənab İlham Əliyev öz müsahibəsində Azərbaycanın hazırkı geosiyasi mövqeyinə də aydınlıq gətirmiş və ölkənin beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirmişdir. O, Azərbaycanın balanslaşdırılmış və prinsipial xarici siyasət kursu sayəsində bir çox ölkələrlə, o cümlədən Vyetnamla uğurlu və qarşılıqlı faydalı münasibətlər qurduğunu vurğulamışdır. İlham Əliyev əlavə edib ki, Azərbaycan dünya miqyasında sülh, sabitlik və əməkdaşlıq çağırışlarını dəstəkləyən ölkələr sırasında yer almaqdadır.
Müsahibənin diplomatik əhəmiyyəti ilə yanaşı, siyasi rəmzi tərəfi də vardır. Bu çıxış, həm Vyetnam xalqına, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığına nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. Bu, həm də ölkə rəhbərinin uzaqgörən liderlik qabiliyyətinin və sabit inkişaf kursunun növbəti sübutudur.
Azərbaycan yalnız region ölkələri ilə deyil, eyni zamanda Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Vyetnam bu baxımdan strateji tərəfdaşlardan biri hesab olunur. Bu fikir Azərbaycanın Asiya-Sakit okean regionuna açılım siyasətinin göstəricisi kimi yadda qaldı.
Prezident cənab İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika mərkəzi olaraq artan rolunu vurğuladı. O bildirdi ki, Azərbaycan Vyetnam da daxil olmaqla Asiya ölkələri üçün Avropa bazarlarına çıxış nöqtəsinə çevrilə bilər. Bakı Limanı və Orta Dəhliz bu baxımdan vacib infrastruktur layihələri kimi təqdim edildi.
Cənab Prezident həmçinin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verdi və bu prosesin sülhə, sabitliyə və inteqrasiyaya xidmət etdiyini bildirdi. O, bu mövzuda beynəlxalq əməkdaşlığa açıq olduqlarını xüsusi qeyd etdi.
Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan dünya siyasətində öz yerini daha da möhkəmləndirəcək, tarixə əsaslanan bu cür münasibətlər isə ölkənin sabit, müdrik və məqsədyönlü inkişaf yolunda nə qədər uğurlu olduğunu göstərməyə davam edəcək.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova