image-qanunla-reklam
image-1679258585_1647720451_1616144062_8277514_1616143923_7588909e8d279b0-09c6-4c45_rgyb6os

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

image-lady-day-az

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir.

Baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruz yenə ruhumuzu bayram ovqatına kökləyib. Xalqımızın mənəvi dünyasında Novruzun özünəməxsus yeri var. Həyatımızın ən xoş xatirələrini yada salanda onların mühüm qisminin məhz Novruz bayramı ilə bağlı olduğunu görürük. Bu, təsadüfi deyil: bizi böyüdən, kamilləşdirən, dünyanın rəngarəng mədəniyyətləri içində milli özünəməxsusluq qazandıran məhz milli-mənəvi dəyərlərimizdir və tarixi-etnoqrafik mahiyyəti etibarilə Novruz xalqımızın ən əhəmiyyətli dəyərləri sırasında xüsusi yer tutur.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni adət-ənənələr əmələ gəlib və nəsildən-nəsilə ötürülüb. Novruz bayramının zəngin tarixini və rəngarəng folklorunu özündə ehtiva edən papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürmək kimi adətlər bu bayramın əsas simvollarındandır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Baharın gəlişindən xəbər verən çərşənbələr Novruz bayramının əsas simvollarındandır. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir. İlin axır çərşənbələrindən ikincisi isə od çərşənbəsi adlanır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

Novruz bayramı hər il ölkəmizdə xüsusi coşğu ilə bütün ölkədə konsertlər, tamaşalar keçirilməklə qeyd edilir. Novruz bayramı Azərbaycan incəsənətində də mühüm yer tutmuşdur. Xalqımızın dahi sənətkarları Novruz bayramı haqqında müxtəlif şeirlər yazmış, mahnılar bəstələmiş, filmlər çəkmişlər. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması

Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və adət-ənənələrlə dolu bir bayramdır. Buna baxmayaraq, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və qeyd edilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Onun təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə siyahısına daxil edib. Eyni zamanda, həmin sessiyada qəbul edilən müvafiq qərara əsasən, Novruz bayramı qeyd edilən siyahıya çoxmillətli nominasiya kimi daxil edilib. Çoxmillətli dedikdə, Azərbaycanla yanaşı, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan kimi ölkələrdə də Novruz bayramının qeyd edildiyi nəzərdə tutulur. Başqa sözlə desək, Mehriban xanım Əliyeva Novruz bayramını milli hüdudlardan və folklor müstəvisindən dünya səviyyəsinə yüksəldib. Bu həm də o deməkdir ki, Novruz milli birlik və həmrəylik bayramı olmaqla bərabər, beynəlxalq birlik, sülh və həmrəylik rəmzinə çevrilib. Belə yanaşma isə Ulu öndər, Ümummilli lider, mərhum Heydər Əliyevin Novruz bayramı ilə bağlı dediyi aşağıdakı fikrə əsaslanır: “Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Təsadüfi deyildir ki, uzun illər  ərzində Azərbaycan xalqının ən ülvi arzularından biri Novruz tonqalını Şuşada, Cıdır düzündə qalamaq və bayramı orada qeyd etmək olub. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək edib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı.  Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Dörd ünsür, dörd bayram çərşənbəsi

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır. Azərbaycan xalqının bayram mədəniyyəti qədim və zəngindir.

Bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.

Çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən qədim əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini bayram edirdi.

Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir.  Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir.  Novruz bayramı Azərbaycan xalqının zəngin tarixi və rəngarəng folklorunu özündə ehtiva edir. Hər bir qədim xalqın özünə məxsus bayramları olduğu kimi bizim xalqımızın da öz milli adət və bayramları vardır.Bu bayramların içində xalqımıza ən əziz,ən doğma,ən sevimli olanı Novruz bayramıdır! Novruz təkcə onu keçirən türk xalqlarının deyil,ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki,bu bayramı yüksək təntənə ilə,ürək sevinci ilə,qəlb fərəhi ilə qarşılasın.Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir.Analar,bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. El tonqal başına yığışır,küsülülər barışır,qohumlar,dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də,qatarda da məktəbdə də,idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»

Novruz bayramı halallıq,təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər.Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya (yelə) həsr olunur.Bu da Novruzun dünyanın ən qədim,ən müdrik bayramlarından biri olduğunu göstərir.Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur..
Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və Azərbaycanın rəşadətli ordusunun gücü sayəsində artıq Azərbaycan xalqı Novruz Bayramını daha böyük sevinclə qeyd edir. Çünki, xalqımızın əzəli adət-ənənələrindən olan bu bayram artıq Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ulu Öndər Heydər Əliyevin söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Kəlamları bu gün reallığa çevrilib.Məhz xalqımızın müdrik Lideri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz Bayramı xalqımızda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki