Nə KTMT, nə də BMT TŞ Ermənistanın müraciətinə müsbət cavab verəcək. Çünki Azərbaycan dövlət sərhədinin demarkasiya və delimitasiyası ilə bağlı işlərin aparıldığını rəsmən elan edib və bu proses mütləq getməlidir, sərhəd dəqiqləşməlidir ki, nizamlanma prosesi başlasın.
Bu sözləri Qanunla.Az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, indiki halda Nikol Paşinyan daxili siyasi vəziyyətə görə BMT Təhlüksəzlik Şurasına müraciət etməyə məcburdur:
“Erməni cəmiyyətində hazırda belə bir fikir var ki, Azərbaycan “ərazilərimizə” giribdirsə, nə üçün onlara cavab vermirik? Söhbət bunun praqmatik olub-olmamasından getmir, müəyyən revanşist qüvvələrin Paşinyana qarşı bəhanə tapmasından gedir.
Paşinyan bu qüvvələri susdurmaq üçün əvvəl KTMT-yə müraciət etdi. Lakin KTMT onun bu müraciətinə demək olar ki, baxmadı, çünki heç bir səbəb yoxdur. Buna görə də o, bu dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etmək istəyir. Paşinyan bununla ölkədəki revanşist qüvvələrə demək istəyir ki, KTMT-yə müraciət etdim, onlar məsələyə baxmadığı üçün BMT Təhlükəsizlik Şurasına da müraciət edəcəm. Yəni əlimdən gələni edirəm.
İndiki halda BMT TŞ-nin Ermənistanın müraciətinə baxacağı ciddi sual altındadır. Hətta baxsa belə, heç bir müsbət cavabdan söhbət gedə bilməz. Ən yaxşı halda tərəflərə formal çağırış edəcək”.
























