İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın baş naziri Kir Starmeri HƏMAS-ın “dəhşətli terrorizmini təşviq etməkdə” ittiham edib.
Musavat.com-un xəbərinə görə, bu açıqlama Londondan gələn, Fələstin dövlətinin tanınması ilə bağlı planlara cavab olaraq verilib.
“Starmer HƏMAS-ın dəhşətli terrorizmini təşviq edir və onun qurbanlarını cəzalandırır. İsrail sərhədlərində cihadçı dövlət bu gün Britaniyaya təhlükə olacaq. Buna imkan verilməyəcək”, – deyə Netanyahu sosial şəbəkə platforması X-də yazıb.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi də Kir Starmerin bəyanatını kəskin tənqid etmiş və onun HƏMAS-a “mükafat” olduğunu bildirmişdi. Nazirliyin açıqlamasında qeyd olunurdu ki, Londondan gələn bu cür planlar Qəzza zolağında atəşkəsin əldə olunması və girovların azad edilməsi səylərinə ciddi zərbə vurur.
Xatırladaq ki, iyulun 29-da Starmerin ofisi bəyanat yayaraq bildirmişdi ki, əgər İsrail humanitar yardımların Qəzzaya çatdırılmasına mane olmağa və əraziyə qarşı hərbi əməliyyatlara davam edərsə, Böyük Britaniya sentyabrda BMT Baş Assambleyasının sessiyasına qədər Fələstin dövlətini tanıya bilər.