image-qanunla-reklam
image-el6kmjsr_400x400

Naxçıvandan başlayan milli qurtuluşumuzun şanlı səhifəsi

image-lady-day-az

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizə yeni nəfəs gətirdi, xalqımızın itməkdə olan ümidlərini dirçəltdi. Müstəqillik yolu qədim Naxçıvandan başladı, milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.

Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik hadisə kimi tarixə əbədi həkk oldu. Xalqımızın böyük oğlu idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirdi, inkişaf strategiyasının gerçəkləşdirilməsini təşkil etdi.

Ulu Öndər milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, möhtəşəm dönüş haqqında deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə yorulmaq bilmədən çalışan Ulu Öndər qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü. Blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyəti gücləndirildi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Naxçıvanın müdafiə potensialı gücləndirildi, Milli Ordu yaradıldı. 44 gün ərzində düşmənin başını əzən qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu. İlk milli hərbi parad da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.

O dövrdə xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. Ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edildi.

Ulu Öndər həmin dövrdə xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıb, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalayıb. Nəticədə hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub.

Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci il noyabrın 21-də milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan Yeni Azərbaycan Partiyası da Naxçıvanda yaradılıb.

Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi 1991-1993-cü illərdə Naxçıvanda Ulu Öndər tərəfindən taleyüklü addımlar atılır, dövlətimizin gələcək müstəqilliyini təmin etməyə yönəlmiş qərarlar qəbul olunurdu. Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə inam günü-gündən artırdı.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki