image-qanunla-reklam
image-ekinci-qezeti-milli-metbuat-hesen-bey-zerdabi

Müstəsna diqqət və qayğı

image-lady-day-az

Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi böyük ziyalılıq, vətənpərvərlik göstərərək əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atdı və milli mətbuatımızın təməlini qoyan “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olundu. Bu ölkə həyatında böyük əks-səda doğurdu. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Məlum olduğu kimi, qəzetin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan “Əkinçi” qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. 1877-ci ildə “Əkinçi” qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan nəşr edilmişdi. Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolunu qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin bütün xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində mətbuatın misilsiz xidmətləri vardır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Bu gün hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki