image-qanunla-reklam
image-904120

MÜSTƏQİL AZƏRBAYCANDA ORDU QURUCULUĞU

image-lady-day-az

MÜSTƏQİL AZƏRBAYCANDA ORDU QURUCULUĞU

“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!” (H. Əliyev)
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir.
Hələ Sovet dönəmində respublika rəhbərliyinə gəldiyi ilk gündən Ulu Öndər dövlət siyasətinin digər sahələri kimi, gənclərin vətənpərvərlik tərbiyəsini də önə çəkib. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı.
Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. 1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi – nizami ordu yaradıldı və formalaşmağa başladı.
Bütün bunların nəticəsi olaraq, Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.
Nəhayət, 1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla AXC dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – iyunun 26-sı Azərbaycan Respublikasının Silahl Qüvvələr Günü elan edilmişdir
Ümumilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş ordu quruculuğu hazırda Ali baş komandan, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqram tətbiq edilir ki, bu da yüksək hazırlığa malik zabit kadrlarının hazırlanmasına imkan verir. Xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti Türkiyənin, ABŞ-ın, Litvanın, Pakistanın, İordaniyanın, eləcə də NATO-nun hərbi təhsil müəssisələrinin nümayəndələri ilə vaxtaşırı təcrübə mübadiləsində iştirak edir. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədi ilə Hərbi Akademiyada tədris proqramına “Müdafiə strategiyası və planlaşdırılması” kimi yeni fənn daxil edilib.
Təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılır, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili səviyyəsi yoxlanılır. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir.
Məhz bunun nəticəsidir ki, 44 gün davam İkinci Qarabağ müharibəsi zamanı müzəffər Azərbaycan ordusu dünya hərb tarixində misilsiz şücaət göstərərək işğal edilmiş torpaqlarımızı azad etdi. Düşmən kapitulyasiya aktına imza ataraq ordumuz qarşısında öz acizliyini etiraf etdi.
Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan! (İ. Əliyev)

Nahid Məmmədov
Sarıcalar kənd tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki