image-qanunla-reklam
image-17091070961061819184_1200x630

Münasibətlərin müsbət inkişaf dinamikası

image-lady-day-az

Münasibətlərin müsbət inkişaf dinamikası

Azərbaycan xalqı ilə alman xalqı arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX  əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld  (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld   (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni üslubda müxtəlif koloniyalar yaradıblar.

Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Xalqımızın həyatında onların mühüm rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.

Keçən XX əsrdə də alman və Azərbaycan xalqları arasında iqtisadi və digər əlaqələr mövcud olubdur. Almaniyanın neft şirkətləri əsrin əvvəllərində Azərbaycanda neft hasilatında iştirak ediblər. İkinci dünya müharibəsindən sonra həm Şərqi, həm də Qərbi Almaniya ilə Azərbaycan arasında geniş iqtisadi, mədəni, elmi əlaqələr olubdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra birləşmiş Almaniya ilə ikitərəfli əlaqələr qurubdur. Biz bu əlaqələrin bütün sahələrdə inkişafına böyük diqqət yetirilmiş  və əməkdaşlığımızın genişləndirilməsi üçün öz tərəfimizdən lazımi səylər göstərilmişdir.

Bu gün də Almaniya ilə əməkdaşlığımız yüksək sürətdə davam edir. Sənayedə, kənd təsərrüfatında alman texnologiyalarından istifadə olunması, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artıracaqdır. Müasir dünyanın qlobal çağırışlarına uyğun olaraq, yaşıl enerjinin istehsalı, onun Avropaya ixracı, rəqəmsallaşma, nəqliyyat-logistika məsələlərinin həlli məsələləri müzakirə predmeti olmuşdur. Mədəni əlaqələr inkişaf edəcək, kadr hazırlığına xüsusi diqqət yetiriləcəkdir. Azərbaycan-Almaniya arasındakı günü -gündən inkişaf edən əlaqələr hər iki dövləti və xalqı bir-birinə daha da yaxınlaşdırır.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub.

Ermənistanın planlı şəkildə həyata keçirdiyi  etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi – Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və  respublikanın 62 şəhər və rayonunda, 1600 – dən çox sıx məskunlaşma obyektində  müvəqqəti məskunlaşmışdır.

Azərbaycan həqiqətlərini, mövcud reallıqları, ermənilərin illər boyu ölkəmizə, xalqımıza törətdiyi vəhşiliklərdən, hərbi cinayətlərdən bəhs edərək  qeyd edib ki, Ölkəmizin əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da  otuzillik işğala son qoyuldu.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İşğalın acı fəsadları

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bununla da Azərbaycan müstəqillik əldə etdi.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Yeni müstəqillik qazanmış dövlətimizə çox keçmədən mənfur düşmən hücum etdi.  Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədildi. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycan xalqı bu dəhşətləri heç bir zaman unutmayacaq və hər zaman qəlbində yaşadacaqdır.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan davamlı inkişaf edən ölkədir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan hazırda özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Özünü dünyanın etibarlı enerji tərəfdaşı qismində təsdiqləyən Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir.

Ölkəmiz bütövlükdə regionun inkişafına xidmət edən enerji, nəqliyyat layihələrinin lokomotivi rolunu oynayır. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya tədbirlər yüksək səviyyədəddir. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması digər ölkələrlə rəqabətdə üstünlüyə gətirib çıxarır.

Onu da qeyd etmək lazımdır ki,  bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Bütün bu nailiyyətlər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində baş vermişdir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki