Müharibənin qaçılmazlığı
44 günlük Vətən Müharibəsinin Zəfər Qələbəsi ilə başa çatmasının növbəti ildönümüdür. Prezident cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Vətən müharibəsində parlaq qələbənin qazanılmasının dörd ili tamam olur. Cənab Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında və beynəlxalq görüşlərində sülh tərəfdarı olduğunu, məsələnin sülh yolu ilə nizama salınmasında maraqlı olduğunu bəyan etsə də, beynəlxalq riyakarlar müharibəni qaçılmaz etdilər. Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. “İkili standartlar siyasəti” torpaqlarımızı 30 il işğal altında saxladı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. İşğalçı siyasət nəticəsində bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi. Sadaladığımız hadisələr və Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları müharibəni labüd etdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Müzəffər Ali Baş Komandanın bu əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamını bütün dünyaya göstərdi. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir və Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru
Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti
Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam etmişdir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti münaqişə SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları ilə başlamışdır. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. 1991-ci ildə və 1992-ci ilin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladı. Münaqişənin aktiv hərbi mərhələsi 1994-cü ilin mayında atəşkəs əldə olunana qədər davam etdi. O vaxta qədər Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi o cümlədən Qarabağ, ona bitişik yeddi rayon terroru, cinayətkarlığı, oğurluğu məqbul hesab edən Ermənistan tərəfindən işğal olundu. Təcavüz zamanı Ermənistan silahlı qüvvələri on minlərlə insanın ölümünə səbəb olan hərbi cinayətlər, insanlıq əleyhinə görülməyən soyqırımı törətdilər, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri dağıdılıb talan edildi. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.
Nəhayət erməni təxribatlarına cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda separatçılara qarşı lokalxaraektirli antiterror əməliyyatı nəticəsində Azərbaycan dövlətinin suverenliyi təmin edildi.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal