Müharibəni təhrik edən erməni təxribatları
27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarix ilə uzun illərdir davam edən Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı qoyuldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bununla bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz düşmənə “dəmir yumruq” ifadəsinin nə olduğunu, necə olduğunu anlatdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Qısa müddətdə əldə olunan uğurlar bütün dünyaya Azərbaycan əsgərinin gücünü və xalqın birliyini nümayiş etdirdi. Müharibənin ilk günlərindən etibarən Ordumuz ardıcıl zəfərlər qazandı. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və 53 kənd, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kənd, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kənd, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi azad olundu. Bununla yanaşı, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində bir sıra strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və digər ərazilər düşməndən təmizləndi.
Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərdən sonra vaxtilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmiş oldu. Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır məğlubiyyətinin ifadəsi idi. Azərbaycanın dəfələrlə xəbərdarlığına, düçar olduqları biabırçı məğlubiyyətə rəğmən artıq 3 ilə yaxın keçməsinə baxmayaraq hələ də ermənilər bəyanatdan irəli gələn bəzi müddəaları yerinə yetirməkdən boyun qaçırırlar. Məğlubiyyətə düçar olan, döyüşdən qaçmasın deyə səngərlərdə öz əsgərinin ayağını zəncirləyən Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşdi.
Prezident cənab İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan fərqli bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə İlham Əliyev bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident cənab İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva