image-qanunla-reklam
image-9svt34mbb_001_25_-1

Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi

image-lady-day-az

Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi.

Prezident İlham Əliyev 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış etmişdir. Əvvəlcə onu qeyd edək ki, Qoşulmama Hərəkatına 120 dövlət daxildir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə müşahidəçi statusundadır. Buraya daxil olan dövlətləri birləşdirən əsas cəhət onların formal olaraq heç bir hərbi bloka tərəfdar olmamasıdır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmiz neçə illərdir ki, bu hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmiş, üzv ölkələrlə münasibətləri möhkəmlətməklə bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verməkdədir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış, təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünə davamlı olaraq dəstək əks olunmuşdur.

Konfransada yüksək səviyyədə çıxış edən cənab Prezident bir sıra məsələlərə toxunmuşdur ki, bunlardan biri də uzun müddət sürən Qarabağ münaqişəsinin həllində Minsk qrupunun rolu haqqında olmuşdur. Ölkə başçısı haqlı olaraq qeyd etmişdir ki, “Təqribən 30 il ərzində gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi”.

Baxmayaraq ki dünyanın ən güclü, demokratiyanın məskəni hesab olunan ölkələrindən üçü ATƏT-in Minsk qrupuna həmsədrlik edirdi, ancaq 30 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi. Buna görə də müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyənlərin üzərinə düşür. Bu münaqişə ərzində Ermənistanı dəstəkləyən hər kəs ən azı onlar qədər cinayətkardır. Əlbəttə ki, vaxtında Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri Ermənistanı geri çəkilməyə məcbur etsəydi, müharibə baş verməzdi. Lakin Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdı. İndi isə yeni dövr başlayıb ki, bu da quruculuq və bərpa dövrüdür.

Əsl məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə xidmət etmək olsa da, ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu illər ərzində Minsk qrupunun həmsədrlərindən yalnız ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Hansı ki bu qətnamələr birbaşa Ermənistanın işğalçı ölkə olduğunu sübuta yetirirdi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək istəyirdilər. Bunu diplomatik-siyasi yollarla nizamlamaq üçün uğursuz cəhdlər edir, bununla da vaxt qazanmağa çalışırdılar. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi və özünün hansı hərbi gücə sahib olduğunu bütün dünyaya göstərdi.

 

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki