Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı stimul verir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il isə Azərbaycan milli mətbuatının 150 illiyidir və Prezident cənab İlham Əliyev aprelin 25-də “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin. Həmçinin, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir.
Milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri də Ümumilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərrəncamları ilə dövlət səviyyəsində geniş şəkildə qeyd olunmuşdur. Elə bu təşəbbüslərlə də milli jurnalistikamızın tarixinə verilən mühüm dəyəri bir daha xatırlayırıq. Dövlətimizin başçısı İlham Əliyevin 2021 – ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı və bununla da, yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkminləşdirilməsinə təkan verildi. 30 dekabr 2021 – ci ildə qəbul olunmuş “ Media haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94 – cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması, rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini