Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları – özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu və problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar.
Qeyd edək ki, dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.
Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri vurğulayırlar ki, son illərdə 40-a qədər deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.
“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, – deyə müraciətdə bildirilir.
Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi.
Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər. Müraciətə reaksiya verən millət vəkilləri əhalinin tələbini qanuni sayır və hökumətə, müvafiq qurumlara çağırışlar ünvanlayırlar ki, problem tezliklə və ədalətli şəkildə həll edilsin. Həmçinin, vətəndaşlara məsləhət görürlər ki, dələduzlara aldanaraq, əllərindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzinə “qara bazar”da satmasınlar.
(BİRİNCİ MÜRACİƏT, İKİNCİ MÜRACİƏT, BİRİNCİ YAZI, İKİNCİ YAZI, ÜÇÜNCÜ YAZI, DÖRDÜNCÜ YAZI, BEŞİNCİ YAZI)
AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibətini öyrənməyə davam edir.
Yeni Azərbaycan Partiyasından deputat Vüqar İskəndərov:

“Məsələyə aidiyyəti qurumlar baxmalı və qərar verməlidir. Bu insanların əlində qalan vauçerlər tədavül müddətinin başa çatması səbəbindən dəyərini itirib. Hansı ki, həmin insanlar zamanında bundan səmərəli istifadə edə bilməyiblər. Ulu Öndər Heydər Əliyev zamanında insanların özəlləşdirmədə bütün vətəndaşlarımızın iştirak etməsi üçün belə təqdirəlayiq fərman imzaladı. Bu, həm də vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına hesablanmışdı.
Düzdür, çeklərdən istifadə edənlər, dövlətin ona verdiyi qiymətli kağızdan yararlanan insanlar da oldu, işbazlar da istifadə edə bildilər. Amma qiymətli kağızından istifadə edə bilməyən vətəndaşlarımız hələ də qalıb ki, onların da istifadə etməsinə şəraitin yaradılması, onların hüquqlarının bərpası lazımdır. Bu məsələni lazımi qurumlar hansısa formul taparaq yoluna qoysalar, yaxşı olardı. Ola bilər ki, çeklərindən istifadə edə bilməyənlərə kompensasiya verilsin. Yaxud da, həmin vətəndaşların əlində olan çeklər qarşıdakı müddətdə özəlləşdirmə proseslərində iştirakına şərait yaradılsın və s. Yəni ki, necəsə problemi yoluna qoymaq mümkündür.
İnanıram ki, aidiyyəti dövlət qurumlarımız çeklər məsələsi ilə bağlı ədalətli qərar verə bilər. Məlumatım var ki, bu problem illərdir müzakirə olunur, tələblər səsləndirilir. Onu da bilirəm ki, özəlləşdirmə payları əlində qalan vətəndaşlar dəfələrlə rəsmi dairələrə müraciətlər ünvanlayıblar, həmçinin biz deputatlara da müraciətlər edilib. Biz də bununla bağlı çağırışlar edirik, sizin vasitənizlə də çağırış edirəm ki, məsələyə nöqtə qoyulsun”.
Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimli:

“Dövlətin onlara verdiyi qiymətli kağızları əlində qalan vətəndaşların məsələsinə aydınlıq gətirilməsi lazımdır. Çeklərindən səmərəli istifadə edə bilməyən vətəndaşların müraciətləri ilə tanışam. Onlar hüquqi cəhətdən əsaslandırırlar ki, haqlıdırlar. Düşünürəm ki, lazımi qurumlar problemi araşdırmalı və yekun qərar verməlidir.
Dəqiq say bilinməsə də, məlumatlara görə, çeklərindən istifadə etməyən insanların sayı yüz mindən çoxdur. Düşünürəm ki, bu, kifayət qədər ciddi say deməkdir. Bu qədər pay sahibinin hüququnun pozulması doğru deyil. Yenə deyirəm, onlar haqlı olduqlarını iddia edirlər və illərdir ki, məsələnin hüquqi yolla həllini tələb edirlər. Düşünürəm ki, bu tələbə baxılmalı və hüquqi çərçivədə həlli yolu tapılmalıdır”.
Bitərəf deputat Jalə Əliyeva:

“Bir neçə ildir ki, çek sahibləri müraciətlər edirlər, hüquqlarının pozulduğunu bildirirlər. Buradan onların müraciətləri ilə bağlı hökumətə çağırış edirəm ki, problemə birdəfəlik nöqtə qoyulması üçün addım atılsın. Hüquqi müstəvidə məsələnin həllinin tərəfdarıyam.
Zamanında Ulu Öndər Heydər Əliyev əhalinin özəlləşdirmə prosesində iştirakı üçün belə bir mütərəqqi fərman imzalayıb, insanların rifahının yaxşılaşdırılması istiqamətində addım atıb. Cənab Prezident İlham Əliyev də çeklərin tədavül müddətinin artırılması barədə bir neçə dəfə qərar verib. Könül istərdi ki, o zaman vətəndaşlarımız bundan səmərəli yararlanardı.
Amma məsələ budur ki, əllərdə dövlətin qiymətli kağızları qalıb, hansı ki, istifadə edilməyib və indi istifadəsi mümkünsüz olub. Özəlləşdirmə paylarını saxlayanlar vauçerlərin üzərində istifadə müddətinin göstərilmədiyini bildirirlər və hüquqi baxımdan haqlıdırlar. Aidiyyəti qurumların da öz arqumentləri var. Düşünürəm ki, məsələnin həllinə yenidən qayıtmaq, yekun qərar vermək olar”.
Bitərəf deputat Elçin Mirzəbəyli:

“Özəlləşdirmə çekləri ilə bağlı problemin aradan qaldırılması təqdirəlayiq addım olardı. Çek sahibləri bildirirlər ki, bu proses qanunamüvafiq şəkildə aparılmayıb, hüquqları pozulub. Hüquqi baxımdan kifayət qədər arqumentlər gətirilir ki, haqlıdırlar. Hökumət orqanları isə iddia edir ki, çek sahibərinin imkanı olub, lakin vaxtında onlardan istifadə etməyiblər. Təbii ki, bir neçə dəfə çeklərin tədavülü artırılıb, onlara şərait yaradılıb, amma bu və ya başqa səbəbdən istifadə edə bilməyiblər.
Məncə, lazımi qurumlar məsələ ilə bağlı yekun qərar versə, yaxşı olardı. Həm vətəndaşlarımızın narazılığına son qoyulardı, həm də hüquqi baxımdan ədalət bərpa olunardı. Fakt odur ki, əllərdə minlərlə çek qalıb və minlərlə insan dövlətin ona verdiyi qiymətli kağızdan istifadə edə bilməyib. Hesab edirəm ki, onlara yenidən şərait yaradılması təqdirəlayiq addım olardı.
Bəlkə, rəsmi qurumların, iqtisadçıların, ekspertlərin iştirakı ilə hansısa komissiya yaradılsın, məsələ araşdırılsın? Komissiya da yekun qərarın verilməsi üçün hökumətə təkliflərini versin. Bir millət vəkili olaraq lazımi qurumlara səslənirəm ki, vətəndaşların tələblərini dinləsinlər və müvafiq qərar versinlər”.
Bitərəf deputat Bəhruz Məhərrəmov:

“Zaman-zaman deputat həmkarlarımız çeklər məsələsinin həlli ilə bağlı çağırışlar ediblər. Hesab edirəm ki, bu, kifayət qədər vacib məsələdir. Bu gün əllərdə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir. Çünki vauçerlər dövlətin qiymətli kağızıdır və bunun qiymətsiz hala düşməsi doğru deyil. Ümumiyyətlə, hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır. Azərbaycan hüququn qorunduğu bir ölkədir və inanıram ki, aidiyyəti qurumlar qaldırılan məsələyə adekvat reaksiya verəcək.
Aidiyyəti qurumlar bu problemin həll olunması istiqamətində təkliflər planı təqdim edə bilər. Çünki bu, onların səlahiyyətinə aid olan məsələdir. Adekvat addımlar atılmasını, çek sahiblərinin tələblərinə hüququn imkan verdiyi formada cavab verilməsini zəruri sayıram. Bir deputat kimi bu problemin tezliklə həll olunmasının, konkret addımlar atılmasının tərəfdarıyam. İnanıram ki, hökumətimiz bu istiqamətdə müvafiq addım atacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda bütün vətəndaşların şikayətləri dinlənilir, problemi aradan qaldırılır. Çek sahiblərinin də problemi müsbət həllini tapacaq”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Müəllif: Aydın Gəray


























