Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin önəmli təşəbbüsü
Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci il aprelin 28-də Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində dalğalanmağa başlamışdı. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmiş, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdi.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident cənab İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız beşinci ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc




















