image-qanunla-reklam
image-media-azerbaijan1-1200x600-jpg-ezrw3j78g4htkfmslybc

Milli birliyin və bərabərliyin simvolu

image-lady-day-az

Milli birliyin və bərabərliyin simvolu

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi formalaşmış, zamanla milli birlik və dövlətçilik ideyalarının rəmzinə çevrilmişdir. Bu əlamətdar gün qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, milli özünüdərkini və müstəqil dövlətçilik uğrunda apardığı müqəddəs mübarizəni ifadə edir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid ideya ətrafında birləşdirən bu bayram hər bir soydaşımız üçün inam, ümid və qürur anıdır. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onun sədrliyi ilə keçirilən iclasında qəbul edilən tarixi qərar dünya azərbaycanlılarının birliyini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Bu qərar xalqımızın parçalanmış taleyinə qarşı milli iradənin ifadəsi olmaqla yanaşı, bütün azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinin ideoloji əsasını formalaşdırdı. Sovet imperiyasının süqutu dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, süni ayrılıqlara qarşı nümayiş etdirdiyi həmrəylik xalqımızın bir millət olduğunu dünyaya bir daha göstərdi. Bu hadisə təkcə tarixi fakt deyil, milli yaddaşda birliyə aparan yolun simvoluna çevrildi. Həmrəylik Günü məhz bu ümummilli birləşmək iradəsinin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının milli kimliyinin, dilinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynamışdır. Onun hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmiş sözləri bu ideologiyanın mahiyyətini dolğun şəkildə ifadə edir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu fikirlər milli mənlik şüurunun, Vətənə bağlılığın və azərbaycanlı olmağın mənəvi dəyərinin ən parlaq ifadəsidir və bu gün də dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirir.

Ulu Öndərin əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün yeganə Vətən müstəqil Azərbaycandır. Dövlət başçısının xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşləri, onların problemlərinə diqqət göstərməsi və təşkilatlanmaya verdiyi dəstək dünya azərbaycanlılarının dövlətə olan inamını daha da gücləndirmişdir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli maraqlarımızın beynəlxalq müstəvidə qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması həmrəyliyin real nəticələridir. Bu birlik xüsusilə Vətən müharibəsi dövründə özünü qabarıq şəkildə göstərmiş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin haqq səsini qətiyyətlə müdafiə etmişlər. Milli həmrəylik, Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmə Qələbənin əsas mənəvi dayaqlarından biri olmuşdur. Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bir bayram deyil, milli kimliyimizin, dövlətçiliyimizin və tarixi yaddaşımızın ifadəsidir. Bu gün sübut edir ki, Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq, bir Vətənə, bir dilə, bir ideologiyaya və bir gələcəyə bağlıdır. Müstəqil, güclü və qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyi və etibarlı dayağıdır.

 

Dərya Əhmədova- Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki