image-qanunla-reklam
image-60f4fb77739427-5c90b57dd783a

Milli adət-ənənələrin ayrılmaz parçası

image-lady-day-az

Milli adət-ənənələrin ayrılmaz parçası.

Novruz bayramı xalqımızın ən gözəl bayramıarından biridir. Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala  qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar. Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da “S” hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir. Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü – yaz, ikincini – yay, üçüncünü – payız, dördüncü gününü isə – qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. Hər kəs tonqal başında yumurta döyüşdürür, bir birinən maraqlı adət ənənələri olan gözəl Novruz bayramı hər il böyük tən-tənə ilə qeyd edilir. Mili mənəvi dəyərlərimizi  hər zaman qorumalıyıq.

Cəvahir Murtuzayeva- Zərdab Gənclər evinin psixoloqu

 

 

 

Novruz ənənələri incəsənətdə.

Xalqımızın keçmişini, bugününü özündə yaşadan elə dəyərlərimiz var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin mövzu qaynağıdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar. Həmçinin ,Novruz bayramı haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri çəkilib. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biri də Novruzdur.Həmçinin Novruz haqqında Rəssamlarımız bayram, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar.Azərbaycan peşəkar rəssamlıq sənətinin özülünü qoyanlardan biri Xalq rəssamı Əzim Əzimzadədir. Rəssam əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir. Realist rəssamın bu mövzuda məşhur rəsmlərindən biri “Kosa-kosa oyunu” adlanır. Əsərdə yazın rəmzi olan Kosa müqəvva kimi təsvir edilib. Amma onun yanında qışın rəmzi olan Keçəl yoxdur. Oyunun iştirakçıları isə kişilər və uşaqlardır. Şübhəsiz ki, rəssam gördüyünü çəkib. Rəssamın “Sabunçu hacıları xoruz döyüşdürürlər” əsəri Novruzun başqa bir adətinə həsr olunub. Görkəmli rəssam Ələkbər Rzaquliyev də xalqımızın məişətini, adət-ənənələrini ustalıqla əsərlərinə köçürüb. Rəssamın Novruz mövzusunda çəkdiyi əsərlərindən biri “Bayrama hazırlıq” adlanır. Doğrudan da, Novruz uzun hazırlıq tələb edən bayramdır. Onun öz yeməkləri, şirniyyatları var. Əsərdə bayram üçün şirniyyat bişirən qadınlar təsvir olunub. Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.“Bahar” tablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilir və milli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.Novruz bayramı ümumilikdə xalqı birləşdirən  və ölkəmizin hər yerində böyük çoşqu ilə keçirilən milli bayramımızdır.

Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti

 

 

Dörd ünsür, dörd bayram çərşənbəsi.

Azərbaycan xalqının bayram mədəniyyəti qədim və zəngindir. Bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün dayanması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan “dörd ünsür” nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərmişdir. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.Çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən qədim əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini bayram edirdi. Bunlara “Oğru üzgü”, “Doğru üzgü” və “İlaxır çərşənbə” də deyilib. Bu çərşənbələrin hərəsinə görə öz adət-ənənələri olub: “Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisi “Birinci çərşənbə”, “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Su çərşənbəsi” adlandırılıb. Çərşənbələrin adlandırılmasında yerli adlar da mövcuddur. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə “Yalançı çərşənbə”, digər dörd ilaxır çərşənbəyə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib.Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir.  Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.“Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınmışdır.Su ilə bağlı xalq arasında yayılan sınamalar vardır.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi sayılır. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar. İlk çərşənbədən başlayaraq, qonşuya axşamçağı ələk, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Həmçinin çərşənbədə evə süpürgə çəkmək də olmaz. Digər inanca görə isə süfrəyə su dağılması aydınlıqdır. Bundan başqa, lal axan sudan keçməzlər, yuxuda su görmək aydınlıqdır, səfərə çıxan adamın arxasınca su atarlar, odu su ilə söndürmək günahdır və s. İnanclarımız vardır.İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

Sevil Məmmədzadə-Zərdab Gənclər evinin dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki