Qanunla.az xəbər verir ki, millət vəkili xalq artistini 70 illik yubileyi münasibəti ilə təbrik edib, cansağlığı, yeni yaradıcılıq uğurları diləyib.
“Siz özünəxas ruhi-mənəvi energetikası olan İçərişəhərdə, görkəmli tarzən, xalq artisti Bəhram Mansurovun ocağında doğulmusunuz. Ailə ənənəsi və fitri istedadınız sizin həyat və yaradıcılıq yolunuzu qəti şəkildə müəyyənləşdirib. Siz “Yeddi gözəl” rok-operası, “Kleopatra”, “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, bir sıra filmlərin, tamaşaların musiqisinin, eləcə də, üç mindən artıq mahnı və instrumental musiqinin müəllifi olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüsüz; 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüsüz.
Azərbaycan Prezidenti bugünlərdə Sizi musiqi sənətimizin inkişafındakı xidmətlərinizə görə “Şöhrət” ordeni ilə təltif edib.
Sizi 70 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”, – millət vəkilinin yazılı təbrikində bildirilir.
MM Mədəniyyət Komitəsi sədri Qənirə Paşayeva xalq artistinə Komitə adından Təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.
Xalq artisti səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.
Görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva və RHiM İB sədri Arzu Bağırova da iştirak edib.



















