Vətən müharibəsi iştirakçıları, torpaqlarımızın erməni işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə yaralanmış qəhraman övladlarımızın müalicəsi daim dövlətimiz üçün prioritet vəzifə olub. Onların reabilitasiyası və sağlam həyata qayıtmaları üçün görülən tədbirlər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Müalicələri tək Azərbaycanda deyil, xarici dövlətlərdə olan döyüşçülərimizin bərpa üçün vətəndən kənara, xüsusilə qardaş Türkiyəyə göndərilməsi işində “Yaşat” Fondunun zəhməti danılmazdır və görülən işlər öz müsbət, sevindirici nəticələrini verir. Onlarla igid övladlarımız qardaş ölkənin qabaqcıl tibb mərkəzlərində şəfa tapıb vətənə dönürlər. Onlardan 12 nəfəri hazırda Bursa şəhərində yerləşən “Romatem” Fiziki Terapiya və Reabilitasiya Xəstəxanasında bərpa prosesi keçir. Bu, özəl xəstəxanadır.
Reabilitasiya prosesi keçən qalib döyüşçülərimizə baş çəkib, onlarla həm müharibə xatirələrini bölüşmək, həm də aldıqları müalicə barədə məlumat almaq üçün sözügedən tibb mərkəzində olduq. Xəstəxananın baş həkimi ilə söhbətimizdə müalicə prosesi ilə maraqlandıq, bərpa işlərinin yüksək səviyyədə görüldüyünə əmin olduq.
Gənclərimizin hər biri canlı qəhrəmandır. Əfsanəvi zəfər yolu keçiblər. Heç birində yara aldıqlarına görə bir məyusluq, təəssüf hiss edilmir. Sağalıb yenidən savaşa atılmağa hazırdır bu məğrur, igid xalqın övladları. Ölkəmizin müxtəlif bölgələrindən olduqlarından təbii ki, həmin yaşayış məntəqələrini təmsil edən deputat həmkarlarıma onlar barədə məlumat verəcəm. Allah sizlərə tezliklə şəfa versin, sağalıb doğma yurdunuza, evinizə, ailənizə dönün. Sizinlə fəxr edirik!
Bursada şəhid generalımız Polad Həşimovun şərəfinə salınmış parkda və 1,2 km uzunluğunda olan küçədə də olduq. Həm park, həm də küçə qardaş türk xalqının, bursalıların general Polad Həşimovun simasında şəhidlərimizin xatirəsinə nə qədər önəm vermələrinin əyani göstəricisidir. Qırılmaz tarixi bağlara sahib olan qardaşlığımız əbədidir! Allah generalımıza və bütün şəhidlərimizə rəhmət etsin, yaralı qardaşlarımıza şəfa versin!
Elnur Allahverdiyev, Milli Məclisin deputatı





















