Məşğulluq və həssas qruplara dəstək – sosial ədalətin praktik ifadəsi
Azərbaycanın sosial-iqtisadi siyasətində məşğulluğun təmin olunması və əhalinin sosial fəallığının artırılması mühüm yer tutur. Dövlətin əsas məqsədi vətəndaşların sosial yardımlardan asılılığını azaltmaq, onların əmək bazarında fəal iştirakını təmin etməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, cəmiyyətdə ələbaxımlılıq olmamalı, insanlar öz zəhməti ilə ailə büdcəsini formalaşdırmalıdır.
Bu məqsədlə aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişləndirilir. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı bu sahədə mühüm mexanizmlərdən biridir. 2025-ci ildə bu proqram çərçivəsində 468 işəgötürənlə əməkdaşlıq əsasında 1763 nəfər işlə təmin olunub. Ümumilikdə isə proqram vasitəsilə 4800-ə yaxın vətəndaşın məşğulluğu təmin edilib.
Özünüməşğulluq proqramları da sosial siyasətin effektiv alətlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu günə qədər 100 mindən çox insan özünüməşğulluq proqramları ilə əhatə olunub və bu proqramlar işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır. Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri də yeni iş yerlərinin açılmasına böyük imkanlar yaradır.
Xüsusi diqqət yetirilən istiqamətlərdən biri də şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsidir. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, müharibə zamanı sağlamlığını itirmiş hərbçilər isə ən müasir protezlərlə təmin olunub. Prezident İlham Əliyevin sözlərinə görə, bu insanların normal həyata qayıtması dövlətin vətəndaşlıq borcudur və bu istiqamətdə işlər davamlı şəkildə aparılır.
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət sistemli və ardıcıl xarakter daşıyır. Bu siyasətin əsas məqsədi yalnız cari sosial problemlərin həlli deyil, eyni zamanda uzunmüddətli dövrdə sosial ədalətə və dayanıqlı rifaha əsaslanan cəmiyyətin formalaşdırılmasıdır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal




















