“Media haqqında” AR Qanunu.
Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə mümkün olub. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb. Həmçinin mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.
Cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Sözsüz ki, ölkəmizin tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyub. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib. Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Sözsüz ki, Ümummilli Lider Heydər Əliyev, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145, 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunması mühüm əhəmiyyətə malikdir.
Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi hesab olunur. Bununla əlaqədar, Prezident cənab İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri