image-qanunla-reklam
image-images

Magistral yollar tamamilə müasir standartlara cavab verir

image-lady-day-az

Magistral yollar tamamilə müasir standartlara cavab verir

 

Yol infrastrukturu hər bir ölkənin iqtisadi və sosial inkişafının əsas dayaqlarından biridir. Yollar yalnız nəqliyyat vasitələrinin hərəkəti üçün deyil, həm də bölgələrin sosial-iqtisadi inteqrasiyasının təmin olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və dövlətin ümumi inkişaf strategiyasının reallaşdırılması üçün mühüm vasitədir.

Azərbaycan müstəqillik illərində yol infrastrukturu sahəsində böyük nailiyyətlər qazanmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və inkişaf siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, o cümlədən magistral və kənd yollarının tikintisi, bərpası və yenidən qurulması Azərbaycanın iqtisadi və sosial mənzərəsini köklü surətdə dəyişmişdir.

Bu gün ölkəmizin magistral yolları tamamilə müasir beynəlxalq standartlara cavab verir. Bakıdan başlayaraq respublikanın bütün istiqamətlərinə uzanan avtomobil yolları yüksək keyfiyyətli asfalt örtüyü, təhlükəsizlik infrastrukturu, işıqlandırma və nişanlama sistemləri ilə təchiz edilmişdir. Xüsusilə Bakı–Quba–Rusiya sərhədi, Bakı–Qazax–Gürcüstan sərhədi, Bakı–Astara–İran sərhədi və Bakı–Qəbələ–Balakən kimi magistral yolların yenidən qurulması ölkənin nəqliyyat əlaqələrini gücləndirmiş, beynəlxalq tranzit imkanlarını artırmışdır. Bu layihələr Azərbaycanın regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsində xüsusi rol oynayır.

Azərbaycanın regionlarında həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində kənd yollarının bərpası və yenidən qurulması xüsusi diqqət mərkəzindədir. Kənd yolları təkcə nəqliyyat vasitəsidir, o həm də kənd əhalisinin şəhərlərlə əlaqəsini, məhsulların bazarlara çıxarılmasını, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığı təmin edən əsas infrastrukturdur.

Bu gün bir çox bölgələrdə kənd yollarının 70–80 faizi artıq təmir olunub və keyfiyyətlidir. Bununla belə, dövlət başçısının da vurğuladığı kimi, hələ 100 faiz nəticəyə nail olunmasa da, hər il bu sahəyə ayrılan vəsaitlər hesabına ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər rahat və təhlükəsiz yollar salınır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işləri çərçivəsində kənd yollarının tikintisi həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Bu yollar azad edilmiş torpaqlarda həyata keçirilən Böyük Qayıdış proqramının tərkib hissəsidir və əhalinin doğma yurdlarına rahat və təhlükəsiz şəkildə qayıtmasına şərait yaradır.

Yeni yolların salınması regionlarda investisiya mühitini yaxşılaşdırır, sahibkarlığın inkişafına təkan verir. Müasir magistral və kənd yolları kənd təsərrüfatı məhsullarının daşınma xərclərini azaldır, daxili bazarın səmərəli fəaliyyətini təmin edir.

Azərbaycan hökumətinin həyata keçirdiyi infrastruktur siyasətinin əsas məqsədi hər bir vətəndaşın sosial rifahını artırmaq, ölkənin iqtisadi potensialını bölgələr üzrə balanslaşdırmaqdır. Bu məqsədlə son illərdə minlərlə kilometr kənd və magistral yol, yüzlərlə körpü və yol qovşağı inşa edilmişdir.

Bu gün müasir standartlara cavab verən yollar Azərbaycanın dinamik inkişafını, regionlar arasında əlaqələrin güclənməsini və vətəndaşların rifah halının yüksəlməsini təmin edir. Dövlətin əsas məqsədi — bütün bölgələrdə bərabər şəraitin yaradılması, hər bir kəndə keyfiyyətli infrastrukturun çatdırılmasıdır.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır.”

Bu sözlər dövlətin praktiki nəticələrə əsaslanan siyasətinin və Azərbaycanın dayanıqlı inkişaf modelinin bariz nümunəsidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki