Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı.
Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlarından biri 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu sənədə əsasən artıq üçüncü ildir ki, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühüm çağırışları ehtiva edir. Bu günlər indiki və gələcək nəsillərə tarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı, artıq işğal deyil, torpaqlarımızın azad edildikləri tarixi yaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Bu, onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər, xəyanət dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etməyə can atırdı. Hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əl atdılar, təcavüzkar Ermənistan tərəfindən Şuşanın, Laçının işğal edilməsinə şərait yaratdılar. Beləliklə Şuşa, Laçın düşmənə təhvil verildi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərindən fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu. Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın bu gün özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfə səfər edib. Bu səfərlər Böyük Qayıdışa xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. 2023-cü ilin 28 May-Müstəqillik Günü laçınlıların Laçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən azad edilmiş torpaqlarımızda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinin fonunda bu çağırışı səsləndirmişdir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.