Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Laçından seçilən deputatı Mahir Abbaszadə deyib. İşğalçı ölkənin ordusunun 1992-ci ilin mayın 8-də Şuşanı, ayın 18-də isə Laçını işğal etməsini xatırladan deputat hər iki tarixi ərazimizin azadlığa qovuşduğunu söyləyib:
“Laçının işğalı nəticəsində o dövrün statistikasına görə, rayonun təxminən 62 min sakini Azərbaycanın 58 rayonunda məskunlaşaraq məcburi köçkün həyatına məhkum oldular. Amma laçınlılar heç vaxt ümidlərini itirmirdilər. İnanırdılar ki, nə zamansa Azərbaycan güclənəcək, ordumuz qüdrətlənərək işğal altına düşmüş tarixi torpaqlarımızı geri ala biləcək. İllər keçdi və həmin tarixi günlər yaşandı. 27 sentyabr 2020-ci ildən başlayaraq Azərbaycan Ordusu 21-ci əsrin müharibəsini reallaşdırdı, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. O cümlədən zəfərimiz sayəsində Laçın rayonu azadlığa qovuşdu”.
Deputat vurğulayıb ki, müharibədən sonra üç rayonumuz bir güllə atılmadan geri qaytarılıb. Ağdam, Kəlbəcər və Laçın müharibədəki qələbəmizdən sonra düşmənin kapitulyasiya aktı nəticəsində əzəli sahiblərinə qovuşub:
“Azərbaycan Ordusunun gücü sayəsində qısa zamanda xeyli əraziləri azad edib, Ermənistanı diz çökdürə bildik, ermənilər məcbur olub bəyanata imza atdılar. Bu bəyanatın tələblərindən biri illərlə düşmən tapdağında qalmış Laçınımızın qısa zamanda boşaldılması idi. Erməni silahlı birləşmələri digər iki rayondan çıxarıldığı kimi Laçından da qovuldular. Bununla 18 may işğal tarixi ləğv edildi.
Artıq bu gözəl, tarixi rayon özünün əbədi və əzəli sahiblərinə qovuşub və bugünkü tarix ermənilərin uzun illər qeyd etdikləri “qələbə günü” deyil, bizim bayramımıza çevrilib. Çünki biz bu tarixə son qoyduq, təqvimdən 18 mayı silib atdıq. Bu nöqteyi-nəzərdən, hər bir laçınlı özünü xoşbəxt sayır, qürur hissi keçirir ki, uzun illər ümid etdiyi qələbəni gördü. Hazırda tarixi anlar yaşayırıq. Biz buna görə Azərbaycan rəhbərliyinə, cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya bütün laçınlılar adından təşəkkürümüzü bildiririk. Bu gün Azərbaycan Ordusuna təşəkkür edirik ki, tarixi günü bizə nəsib etdi. Laçın 18 mayı azad şəkildə qarşılayır. 18 may artıq işğal günü deyil. Vətən müharibəsində şəhid olmuş oğullarımıza Allahdan rəhmət diləyir, onların valideynlərinin əllərindən öpürük ki, belə qəhrəmanların sayəsində tarixi ədaləti bərpa etdik. Döyüşlərdən sonra qazi olan, hələ də hərbi hospitallarda müalicə və müayinələrini davam etdirən igidlərimizə şəfalar diləyirik. Hesab edirəm ki, bu bayramı bizə qismət etməklə ümumilikdə Azərbaycan dövləti bir daha göstərdi ki, biz əbədi, tarixi torpaqlarımızın sahibləriyik və bu belə də davam edəcək”.
























