image-qanunla-reklam
image-media-images-e6s3lj2nup0owib9ahqk

Laçın yeni inkişaf dövrünü yaşayır

image-lady-day-az

Laçın yeni inkişaf dövrünü yaşayır

Artıq beş ildir ki, şanlı Qələbəmizin reallıqlarını yaşayırıq. Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapdı, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qaldı. Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşdi, eyni zamanda, Zabux və Sus kəndləri nəzarətə götürüldü, Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün rəsmi “Twitter” səhifəsində Laçınla bağlı bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan davamlı addımlardan biri Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu Sərəncama əsasən, 26 avqust Laçın Şəhəri Günüdür. Şəhər günləri təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etdilər. Cənab İlham Əliyev bayram tədbirindəki çıxışında  bildirmişdir ki, Laçın şəhəri indi gündən-günə daha da gözəlləşir. Azad edilmiş bu ərazilərdə şəhərlər elə olacaq ki, heç paytaxt şəhərlərdən də fərqlənməyəcək.

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki