image-qanunla-reklam
image-5a545ae04f67f470b935dfc81dedc24d_800

Laçın rayonunun yeni inkişaf dövrü

image-lady-day-az

Laçın rayonunun yeni inkişaf dövrü

Hazırda Laçının tarixi siması özünə qaytarılır. Digər işğaldan azad olunan rayonlar kimi, burada da genişmiqayaslı bərpa-quruculuq işləri aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bütün bunlar rayon əhalisinin rahatlığına xidmət edəcək. Laçın təkcə bir dağ rayonu deyil, həm də müasir görəkəmi və yol-nəqliyyat infrastrukturu olan rayon olacaq. Ayrıca Laçında bölgənin beynəlxalq status və əhəmiyyətini artıran hava limanının inşası mühüm əhəmiyyət kəsb edir. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.

Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Laçında həyata keçirilən bu işlər Prezident İlham Əliyevin daima diqqətindədir. İşğaldan azad olunduqdan sonra cənab Prezident Laçına ilk dəfə 2021-ci ilin 14 fevralında səfər edib. Həmin zaman dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını ucaltmışdır. Ümumi olaraq Azərbaycan Prezidenti 7 dəfə Laçına səfər edib. Sonuncu səfərini isə 2024-cü ilin mayın 10-da edərək Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub və sakinlərlə görüşüb. Həmçinin “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib. Görüdüyü kimi, Laçın yenidən qurulur. Əhalinin burada yaşayışı üçün bütün lazımi tədbirlər görülür. Artıq ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Onlar sevinirlər ki, daha Laçının üzəridən də qara buludlar çəkilib. Artıq Laçın rayonunun yeni inkişaf dövrü, laçınlıların isə yeni xoşbəxt həyatı başlayıb.

 

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki