Laçın rayonunun yeni inkişaf dövrü.
Dövlət tərəfindən aparılan quruculuq işləri nəticəsində şəhərdə müasir infrastruktur, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları tikilir. Məcburi köçkünlərin Böyük Qayıdışı artıq reallaşır, illərlə həsrət çəkən laçınlılar öz doğma yurdlarına qovuşurlar. Prezidentin də dediyi kimi, Qarabağ və Şərqi Zəngəzur yenidən cənnətə çevriləcək.Laçının işğalı Azərbaycan tarixinin ən acı səhifələrindən biri, azadlığı isə ən qürurlu anlarından biridir. Bu torpaq həm strateji mövqeyi, həm də mənəvi dəyəri ilə xalqımız üçün müqəddəsdir. Laçına qayıdış təkcə bir bölgənin azadlığı deyil, həm də milli birliyin, ədalətin və əzmin təntənəsidir.İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Zərdab rayonu üzrə Gənclər və idman sektorunun müdiri Əvəz soltanov