image-qanunla-reklam
image-cekk

Konstitusiya Məhkəməsi niyə susur? – Çek sahiblərindən etiraz

image-lady-day-az

Uzun zamandır ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ cəmiyyətin marağındadır. Hətta əlində çeki qalan vətəndaşlar aidiyyatı qurumlara müraciət etməkdə davam edirlər. Çünki zamanında özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, mülkiyyət hüququna malikdir. Yəni, vətəndaş bu çek hesabına mülkiyyət hüququna malik olur. Bu baxımdan əlində özəlləşdirmə çekləri qalan yüzminlərlə vətəndaş baş nazir Əli Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin sədri Sahibə Qafarova və parlament üzvlərinə açıq məktub yazaraq müraciət ediblər.

Sonuncu dəfə isə oktyabrın 18-də dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən KM-ə ünvanlanan daha öncəki müraciətin üstündən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ cavab verilməyib və bu, pay sahiblərinin kütləvi narazılığına səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Prezident Adminstrasiyası tərəfindən Konstitusiyaya Məhkəməsinə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Onu da vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Mövzu ilə bağlı sabiq deputat Gülər Əhmədova Qanunla.az-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin ən qısa zamanda rəsmi cavab verməsini hər kəs gözləyir:

“Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib. Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Konstitusiya Məhkəməsi tez bir zamanda beynəlxalq hüquq olan İnsan Hüquqlarının əsas hissəsini təşkil edən mülkiyyət hüququ və bərabərlik hüquqlarını bərpa etməlidir. Ulu Öndərin 100 illik yubileyi ili olan 2023- cü ildə Azərbaycan vətəndaşlarının, özəlləşdirmə çeklərini dövlətə, dövlətçiliyimizə, qanunlara, Konstitusiyaya və Ulu Öndər Heydər Əliyevin vədinə inanaraq satmayan yüzminlərlə ailələrin mülkiyyət və bərabərlik hüquqları tezliklə bərpa olunmalıdır”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynli bildirib ki, bu vauçerlər qiymətli dövlət kağızlarıdır və heç bir halda zaman məhdudiyyəti nəzərdə tutula bilməz. Eyni zamanda, inflyasiyadan qorunmaqla özəlləşdirmə çekləri üçün konkret məbləğ nəzərdə tutulub:

“Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir. Bunu nəzərə alaraq əminliklə demək olar ki, “Özəlləşdirmə Qanunu”nda qəbul olunmuş qaydaya əsasən, hər bir dövlət özəlləşdirmə payının dəyəri inflyasiyadan qorunan əmlak payı olduğu üçün və aradan 20 il müddətin keçdiyini nəzərə alsaq, bu gün üçün qanunla hər bir özəlləşdirmə payının dəyərinin ən azı 20 min dollar civarında hesablanacağını demək olar.

Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır.

Bütün hallarda Konstitusiya Məhkəməsi vətəndaşlara laqeyd münasibət göstərməməlidir. Konstitusiya Məhkəməsi 5 dövlət qurumundan cavab gözlədiyini açıqlayıb. Əgər həmin dövlət qurumları cavab vermirsə, deməli, təxribata əl atırlar. Hesab edirəm ki, vətəndaşların müraciətinə qısa zamanda cavab verilməli və problem öz həllini tapmalıdır”.

Bütün ziyalılardan, deputatlardan, hüquqşünaslardan və Konstitusiya Məhkəməsinin hakimlərindən xahiş edirik ki, Oxuyun və Xalqa dəstək olun! ( bu məqalədə olduğu kimi – https://ayna.az/tarixi-edalet-tecelli-edir? )

Bütün məlumatları buradan oxuyun:
https://ayna.az/yuzminler-adindan-konstitusiya-mehkemesine?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki