Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır
Azərbaycan dövləti bu il 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və ədaləti bərpa etdi. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.
Azərbaycan dövləti Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi üstünlüyü davam etdirərək 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi. Bu əməliyyat nəticəsində bölgədə qeyri-qanuni silahlı birləşmələr tərksilah olundu, konstitusiya quruluşumuz tam bərpa edildi, dövlət suverenliyi bütün Qarabağ ərazisində təmin olundu.
Qələbədən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərqərar olunması idi. Son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində bu hədəflərin reallaşmasında böyük nailiyyətlər əldə olunmuşdur.
Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində imzalanmış sülh sazişi Azərbaycanın regionda dayanıqlı sabitliyi təmin etmək istiqamətində atdığı ən mühüm tarixi addımlardan biri oldu. Bu saziş 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqi müstəvidə təsbit etməklə yanaşı, bölgədə qarşıdurmaların birdəfəlik aradan qalxmasına zəmin yaratdı.
Sülh sazişi yalnız Azərbaycanın suverenliyini möhkəmləndirmədi, həm də Böyük Qayıdış prosesinə əlavə hüquqi təminatlar verdi. Çünki məhz sülhün bərqərar olması azad olunmuş torpaqlara qayıdan əhalinin təhlükəsizliyi və rifahı üçün əsas şərtdir.
Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfərlər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə azad olunmuş ərazilərdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir.
Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.
Bu səfərlər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini