image-qanunla-reklam
image-dc2f8c52-6221-483e-be4d-2fda73a143df

KƏLBƏCƏR ŞƏHƏRİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA DİRÇƏLƏCƏK!

image-lady-day-az

KƏLBƏCƏR ŞƏHƏRİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA DİRÇƏLƏCƏK!

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti bu torpaqların hər qarışına sahib çıxıb. Xalq öz lideri ilə birlikdə tarixi ədaləti bərpa edib, gələcək nəsillərə azad və güclü dövlət miras qoyub. Bu səfər həm də xalqımız üçün böyük qürur mənbəyidir. Qarabağda dalğalanan üçrəngli bayraq, yeni qurulan kəndlər və qayıdan insanlar dövlətimizin əbədi suverenliyinin, xalqımızın sarsılmaz iradəsinin əyani sübutudur. Biz bu torpaqlara qayıtdıq və bir daha heç vaxt buradan çıxmayacağıq. Cənab Prezident İlham Əliyevin bu tarixi bəyanatı Azərbaycanın gələcək yolunun ideoloji mayakı kimi yaddaşlarda qalacaq. Azərbaycanın müasir tarixi 44 günlük Vətən müharibəsi ilə yeni mərhələyə qədəm qoydu. Qarabağ Zəfəri yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı, eyni zamanda dövlətimizin suverenlik iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün hər bir səfər, hər bir addım, hər bir açılış, işğaldan qurtulmuş bölgələrdə atılan hər yeni təməl daşımız bu Zəfərin möhtəşəm təsdiqidir. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfəri də bu mənada xüsusi simvolik məna daşıyır. Kəlbəcər uzun illər düşmən işğalı altında qalmış, təbiəti, sərvətləri talan olunmuş, kəndləri dağıdılmış bölgəmizin ən ağır yaralı yerlərindən idi. Ağdərənin Kolatağ və Vəngli kəndlərinə səfər isə Azərbaycan dövlətinin ərazinin hər qarışına sahib çıxmasının rəmzi idi. Cənab Prezidentin dediyi kimi: Bizim iradəmizi heç kim sınaqdan keçirə bilməz. Azərbaycan xalqı öz torpaqlarına qayıdır və burada əbədi yaşayacaq. Azərbaycanın ən ucada yerləşən, ən böyük, ən səfalı və strateji baxımdan ən əhəmiyyətli rayonlarından biri olan Kəlbəcərdə həyat yavaş- yavaş öz axarına düşür. Artıq birinci yaşayış kompleksində ilk sakinlər, ilk gecələrini keçirdilər, ilk səhərlərini açdılar və “Sabahın xeyir, Kəlbəcər”, – deyə söylədilər. Artıq cənab Prezident İlham Əliyev Kəlbəcərdə 3-cü və 4-cü yaşayış komplekslərinin bünövrəsini qoymuşdur və bir müddət sonra Kəlbəcər 10 mindən çox sakinin yaşadığı dağlar qoynunda gözəl bir şəhərə çevriləcəkdir. Dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə söylədi ki, Kəlbəcərin yol infrastrukturu daha da yaxşılaşacaq, tunellər Gəncə-Kəlbəcər arasındakı məsafəni həm qısaldacaq, həm də rahat edəcəkdir. Laçın-Kəlbəcər, Naftalan-Ağdərə-Kəlbəcər yolları da ən müasir səviyyədə qurulmaqdadır. Bir vaxtlar kəlbəcərli şair Sücaətin öz məcburi köçkün soydaşlarına təskinlik verərək qeyd etdiyi “Ağlaya-ağlaya köçən Kəlbəcər bir gün gülə-gülə qayıdacaqdır”, – ifadəsi həqiqətə çevrildi və bu reallığı yaradan da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və qəhrəman Azərbaycan xalqı, onun igid oğullarıdır. Azərbaycan Qarabağda yaratdığı yeni reallıqları təkcə öz vətəndaşları üçün deyil, həm də bütün dünya üçün nümayiş etdirir. Cənab Prezidentin Kəlbəcərdə səsləndirdiyi sözlər dünya ictimaiyyətinə ünvanlanmış bir mesaj idi. Heç kim Azərbaycan xalqının iradəsini sındıra bilməz. Biz beynəlxalq hüququ öz gücümüzlə bərpa etdik və indi bölgədə sülhün, əməkdaşlığın müəllifiyik. Bu gün Azərbaycan COP29-un ev sahibi kimi qlobal miqyasda ekoloji, enerji və təhlükəsizlik məsələlərinə dair sözünü deyir. Qarabağda aparılan quruculuq işləri isə bütün dünyaya Azərbaycanın həm sülh, həm də inkişaf nümunəsi göstərmək imkanını yaradır.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının məsləhətçisi

Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki